Azər Paşa Nemətov: “Bizdəki rejissorları rəqib görmürəm” - MÜSAHİBƏ
12 fevral 2010 12:30 (UTC +04:00)

Azər Paşa Nemətov: “Bizdəki rejissorları rəqib görmürəm” - MÜSAHİBƏ

Lent.az-ın müsahibi Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətovdur.


- Son zamanlar Teatr Xadimləri İttifaqında bir durğunluq hiss olunur sanki...

- Xeyr, belə deməzdim. Tədbirlərimiz daima olur. Elə tək Çexov festivalı hər şeyə bəsdir. Bu, çox ağır, çətin, məsuliyyətli işdir. Festival zamanı təxminən 200-ə qədər qonaq gəlməlidir Bakıya. Dünyanın ən böyük teatr festivalıdır. İlk dəfə Bakıda keçiriləcək. Bunun üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Rusiyaya dünyanın 50-60 tamaşası gəlir. Bura isə cəmi 4 tamaşa dəvət olunacaq. Onların da hərəsi 3-5 gün nümayiş olunsa, təxminən 20 gün ərzində festival tamaşalarının nümayişi davam edəcək.

- Tamaşalar harada nümayiş olunacaq?

- Hazırda elə o işlərlə məşğuluq. Hər teatrın öz tələbləri var. Bu, sadə iş deyil, ağır və çətin prosesdir. Kim hansı oteldə qalacaq, şansı yeməkləri yeyəcək, bir sözlə, hər şey bütün xırdalıqlarına qədər nəzərə alınmalıdır. Fevralın sonunda bura tamaşaların texniki tərəfləri ilə məşğul olan mühəndislərin gəlməsini gözləyirik. Biz təqdim etdiyimiz səhnələrə baxacaqlar, onların texniki imkanlarını öyrənəcəklər. Ola bilsin, texniki avadanlıq gətirsinlər. Bunun özü də ayrıca bir layihədir. Bu il elə təkcə bu festivalla məşğul olsaq, onun özü də böyük işdir. Amma bununla yanaşı, anma gecələri, yubiley tədbirləri keçiririk. Bizdə gənc teatrşünaslar, gənc sənətçilər laboratoriyası var. Əsas fəaliyyət odur ki, teatrın inkişafı ilə bağlı işlər görməliyik. Biz eyni zamanda hansısa müəyyən adamlarına kömək etməyə çalışırıq.

- Problemlərlə bağlı sizə müraciət edənlər çox olur? Onlara nə dərəcədə kömək edə bilirsiniz?

- Bəli, müraciət edənlər olur. Bacardığımız qədər kömək etməyə çalışırıq. Düzdür, 5-10 min manat vermirik. Amma gücümüz çatanı edirik. Çünki biz özümüz dövlətdən vəsait almırıq. Özümüz qazanırıq, özümüz pul tapırıq, özümüz-özümüzü saxlayırıq.

- Hansı yolla?

- Bizə yardımlar olunur. İttifaqa vəsait köçürən dostlar var. Biz bəzi yerləri kirayə veririk. Qrant demək olar ki, çox az olur. Çünki qrant layihələrə verilir. Məsələn, hər hansı bir aktyorun əməliyyat olunması üçün yox.

- Bu şəkildə dolanmaq və işçiləri dolandırmaq nə dərəcədə mümkündür?

- Bəli, elədir. Siyasi qurumlar qrantlar alırlar. Şükür Allaha, biz nə siyasi qurumuq, nə də elə qrantlara göz dikirik. Yaradıcı təşkilat olduğumuza görə, bizim başqa qazancımız olur. O qazancın hesabına da maaş veririk. Bir də bizim çox böyük ştatımız da yoxdur. Başqa qurumlarda, nazirliklərdə hər sahə üzrə bir neçə nəfər işləyirsə, bizdə belə deyil. Yaradıcı şöbədə 4 işçi var. Məsul katib, kompüterçi, səs rejissoru, radist, işıqçı beynəlxalq işlərlə məşğul olan şəxs var. Kitabxanada, arxivdə bir nəfər işləyir. Cəmi 38 işçimiz var. Hərə 3-4 işi birdən görür.

- Bəs gördükləri işin müqabilində layiq olduqları əmək haqlarını ala bilirlər?

- Hər halda bu gün Azərbaycanda minimum əmək haqqı 75 manatdırsa, bizdə 100 manatdır. Mən bir müddət öncə bir məktub almışdım. Yazmışdılar ki, orta maaş 295 manatdır. Amma bizim qurumda maaş azdır. Sədr 300 manat alır. Əgər maaşları yüksəltməsək, cərimələnəcəyik.

- Hansı qurumdan gəlmişdi sizə bu məktub?

- Adını çəkmək istəmirəm. Mən də belə bir məzəli cavab yazdım: “Sizin bu narahatçılığınız gözəl haldır. Bununla ürəyimdəki sarı simə toxunursunuz. Əlbəttə biz də dövlətdən pul alsaydıq, imkanlarımız məhdud olmasaydı, siz də bir qurum olaraq bizə yardım etsəydiniz, ola bilsin bizim maaşlarımız belə olmazdı. Çox böyük hörmət və ehtiramla sizin yeni ilinizi təbrik edən Azər Paşa Nemətov”.


- Yəni, yaradıcılığınızı burda da göstərdiniz...

- Necə cavab verim mən bu insana? Bilirsən ki, bura nə qurumdur. Belə şeylər olur. Mən də həmişə belə hörmət və ehtiramla cavab yazıram.

- Maddi məsələyə toxunmuşkən, bu gün Azərbaycan teatrlarının maddi bazası nə səviyyədədir? Teatrlar bilet satışından nəsə qazana bilir?

- Mənə elə gəlir ki, teatrların vəziyyəti yaxşıdır, pis deyil. Nəyə görə? Birincisi, onların maaşla problemi yoxdur. Dövlət hər işçiyə maaş verir. İkincisi, hər teatrda, xüsusən də böyük teatrlarda dövlət sifarişli tamaşalar olur. Mədəniyyət və Turizm Nazirliyi bu tamaşaların hazırlanmasına vəsait ayırır. Teatr özü də hansısa əsəri tamaşaya qoymaq istəyirsə, bunun üçün ayrıca vəsait tapa bilər. Vergi ilə də bağlı böyük problemləri yoxdur. ƏDV-ni 18 faizlə yox, 4 faizlə ödəyir. Bunun özü də böyük köməkdir. Qalır biletlərin satışı. Əvvəl o pullar nazirliyə gedirdisə, bu gün o pullar teatr üçün qalır. Əgər, yaxşı, bacarıqlı rəhbər olsa, teatrın problemi olmaz.

- Bizdə dediyiniz kimi, o cür bacarıqlı teatr rəhbərləri var? Kimi misal göstərə bilərsiniz?

- Ad çəkmək istəmirəm. Birinin adını çəkəcəyəm, başqaları inciyəcək. Amma var. Rayon teatrlarından ad çəkərdim. Lənkəran teatrının direktoru İslam artıq ikinci ildir, orda işləyir və bu müddətdə teatrın vəziyyəti xeyli yaxşılaşıb. Bacarıqlı insandır. Opera və Balet Teatrının direktoru Akif Məlikovu, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevi də misal göstərə bilərəm.

- “Azdrama”nın direktorunun adını çəkmədiniz...

- (zarafatla və gülərək) Onu bağışladım sizə, məgər pislik etdim? Ürəyiaçıqlıq edirəm də.

- Yeri gəlmişkən, “Azdrama”da baş verən məlum olaya necə münasibət bəsləyirsiniz?

- Mən hesab edirəm ki, düzgün hərəkət olmayıb. Artıq müdiri kollektivin seçdiyi o dövr keçib. Mənə elə gəlir, bu, kollektiv məsələsi deyildi. Hər halda bu, bir insan, bir rejissor kimi məni heç maraqlandırmır. Aktyor səhnədə işləməlidir, rejissor tamaşa qurmalıdır. Başqa düşüncən varsa, get, o düşüncələri başqa yerdə həyata keçir. İstəyir direktor, baş rejissor, istərsə də aktyorlar, hamıya aiddir.

- Bəs siz orda işləyən zaman necə, sizə qarşı da hansısa narazılıqlar olub?

- Mənim həyatımda çox nadir halda belə bir şey olub. Bir, ya iki dəfə. Mən onları boş buraxıram, fikir vermirəm. Çünki özümü daha zirvədə sayıram, nəinki o dedi-qoduları. Zaman da göstərib ki, mən düz hərəkət eləmişəm, qoşulmamışam. O adamlar sonra özləri peşman olub məndən üzr istəyiblər. Həyatımda iki dəfə belə şey olub, bəsit formada. Bir gün fikir etmişəm, ikinci gün sakit olmuşam. Onlar isə bir il fikir ediblər, sakit ola bilməyiblər. Bir günə gördükləri işin əziyyətini bir il çəkiblər. Mən buna çox geniş çərçivədən baxıram. Əgər dar çərçivədən baxsam, onda gərək həmişə bir-iki nəfərlə mübarizə aparam. Mən həyatımı buna həsr etmək istəmirəm.

- Ümumiyyətlə, mübarizə apardığınız kimlərsə olub?

- Mənim mübarizəm ancaq tamaşamla olub. Mən tamaşa hazırlamışam. Heç vaxt heç kimlə şəxsi intriqa, dava-qırğın aparmamışam. Demək olar ki, belə şey olmayıb. Deməli, şükür Allaha, düz yaşayıram. Hərçənd istəsəm, güclü mübarizə apara bilərəm. Buna gücüm, qüvvəm də var.

- Bəs güclü rəqibiniz necə, o da var?

- Rəqibim həmişə var. Rəqibsiz olmaz axı. Amma rəqibləri mən özüm seçirəm. Yəni, kimisə özümə rəqib bilmirəm, seçirəm.

- Məsələn.

- Məsələn, mənim rəqibim İtaliyada filan rejissordur. Mən çalışmalıyam ki, mənim tamaşam heç olmasa, onun hazırladığı tamaşa səviyyəsində olsun. Bizdəki rejissorları özümə rəqib saymıram.

- Yəni, Azərbaycanda sizə rəqib ola biləcək səviyyədə rejissor yoxdur?

- Yox, mən sadəcə istəyirəm, rəqibim məndən güclü olsun.

- Deməli, belə çıxır ki, sizdən güclü olan rejissor yoxdur bu ölkədə.

- Yox, mən elə demirəm. Mən 22 yaşımdan tamaşa hazırlayıram. O yaşda da mən Tofiq Kazımovu, Mehdi Məmmədovu, Adil İsgəndərovu özümə rəqib bilirdim. Hərçənd ki, onların tələbəsi olmuşam. Onda da düşünürdüm ki, rəqibim onlardır, həmyaşıdlarım yox. Onda başqa rejissorlar da vardı. İndi də sağdırlar, amma mən onları özümə rəqib saymıram. Mən həmişə özümə özümdən güclünü rəqib saymışam. Səndən zəifi özünə rəqib sayırsansa və ya görürsənsə, onda yerində sayacaqsan. Rəqibi daha geniş dünyada seçməlisən, tək Azərbaycanda yox.

- Azərbaycan rejissorlarının qoyduğu tamaşalar dünya səviyyəli rejissorların qoyduğu tamaşa ilə müqayisəyə gələ biləcək səviyyədədirmi? Necə düşünürsünüz?

- Vallah, bu diktofon yazırsa, mən hər şeyi danışa bilmirəm. Səmimi münasibət istəsəniz, eşitməyəcəksiniz. Mən bunu siyasətlə cavablandıracağam. Dünya səviyyəsinə çıxarılmaqdan ötrü... Bu bir az düz alınmır. Mən özüm haqqında danışmaq istəmirəm.


- Yaxşı, onda deyin görək, məgər bizdə normal texniki baza yoxdur ki, bayaq dediyiniz kimi, festival tamaşaları üçün də avadanlıqlar xaricdən gətirilir?

- Bu gün bizdə texniki baza var. Yeni təmir olunmuş teatrlarda işıq kompüterlə verilir. Hər şey kompüterə yığılır. Xaricdən gələcək tamaşalarda da işıq, səs kompüterlə idarə olunur. Onları gətirib bizim kompüterlərə yükləməlidirlər. Onlar deyirlər ki, birdən nəsə pozular və sizin tamaşalara xata gələ bilər. Ona görə öz kompüterlərini, avadanlıqlarını gətirirlər ki, bizimkilərə mane olmasın. Mən də buna etiraz etmirəm. Bu gün Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Heydər Əliyev sarayında yüksək avadanlıqlar var. Bizdəki avadanlıqlar dünya standartlarına cavab verir.

- Bəs rayon teatrlarında hansı durumdadır?

- Cənab prezidentin sərəncamına əsasən, 2009 - 2019-cu illərdə əyalət və başqa şəhərlərdəki teatrlarımız müasir texniki avadanlıqlarla təchiz olunmalıdır. Yaradıcılıq baxımından isə hər teatr öz yolunu gedir. Hər teatrın öz dəsti-xətti, ənənəsi var ki, onu da qorumalıdır. Yeni avadanlıq gəlməsi o demək deyil ki, hər şey pozulub sıfırdan başlanmalıdır. Amma təbii ki, o avadanlıqdan istifadə etmək imkanları olmalıdır. Texniki işçilər savadlarını artırmalıdırlar. Yeni mühəndislər lazım olacaq. Eyni zamanda rejissorlar da bu avadanlıqlardan nə cür istifadə etməyi bilməlidirlər. Rejissorlar da o sahədə savadlanmalıdırlar.

- Bildiyimizə görə, Bələdiyyə Teatrı sizin zalda məşqlərini həyata keçir. Bu teatra göstərilən münasibəti necə dəyərləndirirsiniz?

- Mən hesab edirəm ki, Bələdiyyə Teatrının yaranmasının özü təqdirəlayiqdir. Çünki teatr nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Bələdiyyə Teatrının yaranmasında Heydər Əliyevin böyük rolu olub. Bunu necə unutmaq olar? Onun qədrini bilib qoruyub saxlamalıyıq. Yaxşı olardı ki, Amaliya xanımın teatrına məkan veriləydi ki, orda normal çalışa bilsin. Amaliya xanım özü də böyük sənətkardır. Onun özünün Azərbaycan teatrının inkişafında böyük zəhməti var. Bunların hamısını nəzərə almaq lazımdır. Kollektivi də pis kollektiv deyil. Bacarıqlı insanlardır. Aktyor heyəti məni qane edir.

- Son vaxtlar bəzi sənət adamları tərəfindən fəxri adların ümumiyyətlə yığışdırılması haqda fikirlər səslənir. Bu fikrə nə cavab verərdiniz?

- Fəxri adların olması, mənə elə gəlir ki, pis deyil. Amma layiqlilər alsın. Layiq olmayan adamlar hansı yolla fəxri adlar alırlar bunu bilmirəm. Hər halda bununla da kimsə məşğul olur. Amma bu gün şou-biznesdə bu adlara layiq olmayanlar var. Amaliya Pənahova, Fuad Poladov, Şəfiqə Məmmədova xalq artistidir. Onlar gərək əlçatmaz olsunlar. Amma ad çəkmədən deyirəm ki, o da xalq artistidir, bu da xalq artistidir. Yeri gələndə deyə bilər: “Siz də xalq artistisiniz, mən də. Niyə məni tənqid edirsiz? Mənim də zəhmətim var xalq artistiyəm, filankəsin də”.
Əvvəllər xalq artisti adını almaq üçün nə qədər işləmək, can qoymaq lazım idi. Hələ bilinmirdi bu adı alacaqsan, ya yox. Bu gün isə çoxlu xalq artisti var. Hələ o ada görə pul da alırsan. 50 manatın özü də bir köməkdir. Yəqin ona görə də xalq artisti olmaq istəyənlər çoxdur. Ümumiyyətlə, mən düşünürəm ki, insanın öz adı olmalıdır. Elə işləməlisən ki, öz adın elə fəxri ad kimi səslənsin. Məsələn, Fuad Poladov gedəndə demirlər ki, xalq artisti gedir. Ya da Yaşar Nuri və başqaları. Yəni, onlar öz adları, işləri ilə tanınıb seviliblər. Elə adam da var ki, tanımırsan, amma deyirlər xalq artistidir. Çaşıb qalırsan ki, hansı xalqın artistidir görəsən?

- Fuad Poladovun adın çəkdiniz, deyə bilərsiniz sizin də rejissor kimi çalışdığınız “Azdrama”dan ayrılmağının səbəbi nə olmuşdu?

- O zamankı teatr rəhbərliyi ilə problemləri olmuşdu. Fuad Poladov gözəl xüsusiyyətlərə malikdir. Mərdliyi, qüruru var. Heç kimdən incimir, özü çəkilir kənara. Bunun özü də müəyyən bir mübarizədir. Hər halda özünə pis etməyib. Rus Dram Teatrında elə rollar oynayıb ki, mən hesab edirəm, “Azdrama”da oynaya bilməzdi.

- Hansı sənət meyarlarına görə?

- Repertuara görə.

- Yəni, “Azdrama”nın repertuarı qaneedici deyil?

- Yox, yəni Rus Dram Teatrının öz dəsti-xətti var. Orda Napaleon və başqa böyük rollar yaradıb ki, o əsərlərin heç biri başqa teatrlarda oynanmayıb. Mən “Hamlet”i hazırlayanda rəhbərlikdən xahiş edib Fuad Poladovu o rola dəvət etdim. Böyük məmnuniyyətlə onu qəbul etdilər, gözəl də oynadı. İndi də oynayardı, əgər o tamaşa repertuardan çıxmasaydı. Repertuardan isə teatrın rəhbərliyi çıxarıb.

- Səbəbi nədir?

- Səbəbini onlar deyəcəklər ki, Fuad məşğul olur. Çox sadə səbəbdir.

- Bu, onların göstərdiyi səbəblərdir, bəs sizin göstərdiyiniz səbəblər?

- Səbəbləri mənə aydın deyil.

- “Azdrama”da hazırladığınız sonuncu tamaşa 2002-ci ildə “Hamlet” olub. Bu 8 il ərzində o səhnədə tamaşa qoymamağınızın səbəbi nədir?

- Orda tamaşa qoymuram, burda qoyuram, fərqi nədir ki? Mənim yaradıcılığım davam edir. Ondan sonra Şekspirin “Afinalı Timon”unu hazırlamışam. “Əli və Nino” kimi tamaşanın bədii rəhbəri olmuşam.

- Bəs niyə “Azdrama”da yox?

- Sağlıq olsun, orda da tamaşa qoyarıq da.

- Rəhbərliklə nəsə inciklik olub?

- Məndə inciklik yoxdur. Mən heç kimdən incimirəm. Özümü daha geniş sferada görürəm. İncikliklə yaşayan da deyiləm. Onlar inciyə bilər. Qoy incisinlər.


P.S. Əldə etdiyimiz məlumata görə, Azər Paşa Nemətov teatrda rejissorların çox olması səbəb gətirilərək “Azdrama”dan uzaqlaşdırılıb.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174

Oxşar yazılar