“Rənglərin Dialoqu: Azərbaycan-Almaniya”
27 noyabr 2012 19:56 (UTC +04:00)

“Rənglərin Dialoqu: Azərbaycan-Almaniya”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin (AAK) və “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyi birgə təşkilatçılığı ilə Berlindəki “Direktorenhaus” Qalereyasında “Rənglərin Dialoqu: Azərbaycan-Almaniya” adlı sərginin açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərgidə Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi və AAKM-nin əməkdaşları, alman və Azərbaycan mədəniyyətinin çoxsaylı təmsilçiləri, Azərbaycan və türk diasporunun, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsinə Azərbaycanın Almaniyadakı səfirliyi, “Bakı” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati dəstək göstəriblər. Sərginin məqsədi müxtəlif millətlərə məxsus incəsənətin təsir gücünü nümayiş etdirmək, o cümlədən Azərbaycan və Almaniya rəssamları arasında qarşılıqlı anlaşma və sülh mövzusunda fikir mübadiləsi təşkil etməkdir. Sərgidə Azərbaycanlı rəssamlar Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli Almaniya rəssamı Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. AAK-nın prezidenti Samira Patzer-İsmailova tədbiri açaraq qonaqları salamlamış və sərginin mədəniyyətlərarası dialoqun müxtəlif mənşəli insanlar arasında yaxınlıq və ünsiyyətə yol açdığını söyləyib.

“Direktorenhaus” Qalereyasının direktoru Paskal Johanssen, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Nüsrət Süleymanov, Berlin Senatının Təhsil Siyasəti üzrə mətbuat xidmətinin təmsilçisi İlkin Özişık, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Nüsrət Süleymanov çıxışında noyabrın 2-dən 17-dək Berlində böyük müvəffəqiyyətlə təqdim edilən “Bakıya uçuş” sərgisində Azərbaycanın müasir rəssamlıq nümunələrinin böyük maraqla qarşılandığını qeyd edib və gənc rəssamlara uğurlar diləyib.

Alman rəssam Peter Föller də rəssam qadınların əsərlərini təhlil edib və nümayiş etdirilən əsərləri rənglərin sehri kimi qiymətləndirib. O, rəssamlara müraciət edərək, onlara yaradıcılıqlarına dair suallar verib. Gənc rəssamlar öz əsərlərinin yaranma tarixi, mövzusu və məzmunu ilə tamaşaçıları tanış ediblər.

Qeyd edək ki, Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunmuş kataloq çap olunub. Kataloqda Qarabağa həsr edilmiş xüsusi məlumatlandırıcı səhifə yerləşdirilib, Azərbaycan və onun tarixi simvolları haqqında məlumat verilib. Gənc azərbaycanlı və alman qadın rəssamlarının əsərləri dekabrın 1-ə kimi nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093

Oxşar yazılar