Mənim sevdiyim Elçin - ANIM
23 noyabr 2012 16:19 (UTC +04:00)

Mənim sevdiyim Elçin - ANIM

“Sən yaxşı qızsan, Gülnar” ... Bu, bir təsadüfdürmü?

Bəlkə də deyil. Bir səhər tezdən Yaşar Nurinin vəfatı xəbəri bütün xalqımızı sarsıtdı, sözün həqiqi mənasında, hər kəs böyük hüznlə, kədərlə, hətta göz yaşları ilə onu xatırladı. Sanki hamı bu xəbərin təsirində qaldı bütün gün ərzində. Səhər televiziyadan bu xəbəri eşidən kimi, “Heyf səndən!” - dedi anam, sakitcə və məlul
stula çökdü. O, ağlayırdı... Avtobusda ilk dəfəydi ki, hamını sakit və məhzun görürdüm. Deyəsən, sürücünün də kiminsə xətrinə dəymək, hansısa sərnişini acılamaq fikri yox idi. Radiodan aparıcının Yaşar Nurinin ölüm xəbərini verməsi ilə elə bil avtobusdakı insanların hamısı balacalaşdı, bu xəbər hamını əzirdi sanki.

Yaşar Nuri. Onu hamı sevir, hamı çox istəyirdi və bu sevgi nə qədər səmimi və əzizdirsə, onun ölümünün hamının qəlbində buraxdığı hüzn də inandırıcıdır.

Azərbaycan səhnəsinin ulduzları Nəsibə Zeynalova, Telman Adıgözəlov, Eldəniz Zeynalov, neçə-neçə əvəzolunmaz sənətkarlar xalqımızın qəlbində özlərinə elə bir yer salıblar ki, həyatını, ömrünü səhnəmizin inkişafı, teatr-kino sənətinin ən
yüksək mərhələyə çatmasında səhnəmiz onlara borcludur, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin əsl aparıcı simaları olan belə sənətkarlardan ötrü Azərbaycan səhnəsinin “burnunun ucu göynəyir” və belə də olacaq.

Mən nə teatrşünas, nə də tənqidçi deyiləm. Kinonu, teatrı, musiqini, incəsənəti sevən hər bir şəxs kimi, mən də adını çəkdiyim və çəkmədiklərim, dünyadan köçmüş və hazırda həyatda olan bir çox sənətkarlarımızı daim izləmişəm. Yaşar Nuri kimi aktyorlar nümunə olublar hər zaman. Tək aktyor kimi deyil, həm də bir insan, vətəndaş kimi. İnsanlar onun oynadığı rollarda həmin personajın sanki özü ilə “danışıblar”. Tipik Azərbaycan kişisinin xüsusiyyətlərini özündə cəmləşdirən İsrafil kimi, Surxayzadə, Həsənağa, Kazım... və nəhayət, Elçin kimi. Onun yaratdığı obrazlarda hər kəs özünü tapa bilər. Mən isə sevdiyimi, sevgimi, ilk uşaqlıq məhəbbətimi tapmışdım Elçində.

Təxminən 7-8-ci sinifdə oxuyanda “Səni axtarıram”, “Səndən xəbərsiz”, “Bağışla” adlı silsilə televiziya tamaşası göstərilirdi. O zaman bütün tanıdığım insanlar bu tamaşa haqda danışır və oradan müxtəlif sitatlar gətirirdilər. Hamı Yaşar Nuri və Firəngiz
Mütəllimovanın “Elçin”inin və “Gülnar”ının sehrinə düşmüşdü elə bil. Bu təsadüfi deyildi. O zaman gənc yeniyetmə bir qız olaraq mən də Elçini sevirdim. Onu sevməmək olardımı? Bu, mümkün deyildi. O zaman Onun məhz Elçin olduğuna əmin idim. Yaşar Nurinin yaratdığı Elçin obrazı mənim təsəvvürümdə sevginin,
saf duyğuların və əsl məhəbbətin simvolu oldu. Sonralar, böyüyəndə mən, o Elçini çox axtardım. “İnanırdım ki, günlərin birində, hardasa... Rastlaşacağam onunla, inanırdım ki, günlərin bir günü, nə vaxtsa... tapacağam onu”. Elçin kimi, mən də
inanırdım buna...

Mən onu tapmadım. Yəqin heç zaman da tapa bilməyəcəm. Səni isə itirdik.

Yaşar Nuri. Bu ad Azərbaycan incəsənətinin, mədəniyyətinin ən yüksək zirvəsində dayanan adlardan biridir. Təəssüf ki, səhnəmizin, teatr, kino, televiziyanın inkişafında yeri, dəst-xətti olan görkəmli sənətkarımızı dünən itirdik. Və onun itkisi hamımızı çox sarsıtdı.

...Məktəb vaxtı Gülnar adlı rəfiqəmə həmişə sevdiyim o teatr tamaşasında Yaşar Nurinin dediyi bu sözləri sitat kimi təkrarlayırdım: “Sən yaxşı qızsan, Gülnar”. O dəqiqə ondan nə isə işim keçəcəyini bildiyindən hər ikimiz ürəkdən gülərdik. Xoş xatirələrlə andığım rəfiqəm yadıma düşdü və Yaşar Nurinin təbirincə yenə bu kəlməni dodaqaltı pıçıldadım. Amma bu dəfə gülə bilmədim. Mənə elə gəldi ki, sözlər bu dəfə tamam fərqli, çox fərqli səslənir, sadəcə, gülə bilmədim... çünki artıq kövrəlmişdim.

Zeynab Kazımova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2108

Oxşar yazılar