Əməkdar artist: “Bir-iki nəfərin şou arxasınca qaçmasına görə gəncləri qınamaq olmaz”
12 noyabr 2012 16:24 (UTC +04:00)

Əməkdar artist: “Bir-iki nəfərin şou arxasınca qaçmasına görə gəncləri qınamaq olmaz”

"Gənclərin II Ümumrespublika Teatr Festivalı" üzrə tamaşalar noyabrın 27-dən nümayiş olunacaq. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festival incəsənət ustaları tərəfindən maraqla qarşılanıb. Festivalın keçirilməsini dəstəkləyənlərdən biri, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Hicran Nəsirova festivalla bağlı təəssüratlarını bölüşüb. Aktrisa bildirib ki, həm gəncləri bir araya topladığı üçün, həm də istedadları üzə çıxardığı üçün bu festivalı dəstəkləyir: “Gənclər klassik sənət növü olan teatrı daha çox sevəcək, bu sənətə bağlanacaq. Həm də bu festival yeni-yeni istedadları seçib üzə çıxaracaq. Bəlkə elə bu gənclər hansısa böyük teatrların səhnəsində oynayacaqlar. Odur ki, belə festivalların sayını artırmaq lazımdır. Bu festival öz çərçivəsini daha da böyütməli, beynəlxalq müstəvidə keçirilməlidir ki, gənclik daha da ruhlansın. Gənc baxıb görəndə ki, ona dəstək verilir, daha da həvəslənir. Bu festival gəncliyi ruhlandırır”.

Gənclərin teatra olan marağından danışan aktrisa bildirib ki, özünün oynadığı tamaşalarda gənclərin diqqətini görüb: “Təbii ki, hər zaman belə olub, belə də olacaq; sənətə maraq göstərənlər və göstərməyənlər var. Mən həmişə oynadığım tamaşalar zamanı zalda gənc nəslin nümayəndələrini görmüşəm. Hətta bəzən elə olub ki, bir tamaşaya iki-üç dəfə gəlib baxıblar. Məsələ burasındadır ki, teatra maraq uşaq yaşlarından formalaşdırılmalıdır. Biz özümüz uşaq olanda orta məktəblərdən gəlib tamaşalara baxardıq. Oxuduğumuz dramaturqların əsərlərini canlı olaraq teatrdan izləyərdik. İndi bu ənənə unudulub. İstedadlı gənclər var, bunu danmaq olmaz. Bəyəndiyim gənc istedadlar çoxdur, bununla belə maddiyyata görə bu sənətdən uzaqlaşanlar da var. Hər zaman belə olub, belə də olacaq. Mədəniyyət və İncəsənət Universitetinin bütün məzunları teatra axışmır ki. Onların yarısı bu sənəti seçirsə böyük uğurdur. Durub demək olmaz ki, gənclər arasında bu sənətə maraq azdır. Bir-iki nəfərin şou arxasınca qaçmasına görə gəncləri qınamaq olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar