Bakıda Şakira rüzgarı
15 oktyabr 2012 02:34 (UTC +04:00)

Bakıda Şakira rüzgarı

Oktyabrın 14-də dünya şöhrətli müğənni Şakira “Baku Crystal Hall” səhnəsində solo konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, konsert Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Şakira Bakı səhnəsində konsertinin yüksək səviyyədə keçirilməsi üçün ölkəmizə 75 nəfərlik heyətlə gəlib, proqramın hazırlıq işlərinə böyük komanda cəlb olunub. Konsertdə əvvəlcə qonaq qismində iki dəfə “Qrammy” mükafatı laureatı olan Meloni Fyona çıxış edib və sevilən mahnılarını təqdim edib.

M.Fyonanın çıxışdan sonra 30 dəqiqəlik fasilə verilib. Şakira qara geyimdə və xüsusi işıqlar arasından səhnədə görünüb. Müğənni “Baku Crystal Hall” səhnəsində özünün azərbaycanlı pərəstişkarlarına müxtəlif vaxtlarda işıq üzü görmüş albomlarına daxil olan mahnılarını təqdim edib. Dünya estradasının tanınmış ulduzunun ifası lazer şousu ilə müşayiət olunub.

Şakira “Baku Crystal Hall”un səhnəsində ana olmağa hazırlaşdığı üçün hərəkət məhdudiyyəti yaşayıb. Jestlərindən açıq-aydın görünüb ki, müğənni daha çox körpəsinin qayğısına qalır və rəqslərinə məhdudiyyət qoyur. Amma Şakira səhnədə qısamüddətli rəqsləri ilə tamaşaçılarının alqışlarını qazanıb.

Azərbaycanlı tamaşaçıları salamlayan müğənni bu gecə tək gəlmədiyini qeyd edib: “Xüsusi kampaniyada gəldim və oğlum bu möhtəşəmliyi hiss edir. Bilir ki, mən tərpənmədən dayana bilmirəm, amma bu gecə ehtiyatlı olmağa çalışacağam. Bir az yavaş oynamaq lazımdır. Bu səhnədə çıxış etməyimdən çox məmnunam. Hazırda çox həyəcanlıyam”.

Müğənni Bakı səhnəsində ilk olaraq ən çox sevilən hitlərindən olan “Whenever wherever” mahnısını ifa edib, daha sonra “Loca”, “La tortura””, “Hips don`t lie”, “Waka waka”, “Rabiosa” mahnıları ilə davam edib.

Dünyanın bir çox şəhərlərində çıxış etdiyini xatırladan müğənni Bakıdakı konsertindən məmnunluğunu ifadə edib. “Baku Crystal Hall”un səhnəsində quraşdırılan xüsusi ekranlarda müğənninin bir neçə formada olan görüntüləri də yayımlanıb.

Konsertdə Şakiranı izləmək üçün xarici ölkə vətəndaşları da olublar.

Şakira 50 dəqiqə ərzində həm oxuyub, həm də gitarada bacarığını nümayiş etdirib.

Qeyd edək ki, son ay ərzində dünyanın üç məşhur müğənnisi Bakıda konsert proqramı ilə çıxış edib. Onlar Jennifer Lopez, Rihanna və Şakiradır.

Hər üç müğənni “Baku Crystal Hall”da xüsusi konsert proqramı ilə çıxış ediblər.

Xatırladaq ki, sonuncu çıxışçı olan Şakira hamilə olduğundan bu ərəfədə bütün çıxışlarını təxirə salıb, yalnız Bakıdakı çıxışını qüvvədə saxlayıb.

Fotoların müəllifi: Ramil Zeynalov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5628

Oxşar yazılar