Rejissor: “Boğazdan yuxarı danışırlar”
11 oktyabr 2012 12:48 (UTC +04:00)

Rejissor: “Boğazdan yuxarı danışırlar”

Lent.az-ın məlumatına görə, bunu Gənclərin II Ümumrespublika Teatr Festivalına münasibət bildirərkən tanınmış rejissor Rövşən İsax deyib. İndiki teatral durumdan olduqca şikayətçi olan rejissor, Azərbaycan teatrını xarici ölkələrin teatrları ilə müqayisə edib: “Teatrlara gedirsən, mobil telefonlar susmaq bilmir, qaranlıqda tamaşaya baxmaq əvəzinə gənclər SMS yazmaqla məşğuldurlar. Yaxşı, tamaşaya baxmağa gəlmisənsə, niyə mesajlaşırsan, yaxud tamaşanı yarımçıq qoyub zalı tərk edirsən? Amma Rusiya və Avropada vəziyyət tam tərsinədir. Mən Rusiyada “Sovremennik” teatrında bir tamaşaya baxdım. O tamaşaya bilet tapmaq üçün nə qədər adama ağız açdım, axırda tamaşaya bir gün qalmış baş rolun iştirakçısı mənə bir bilet tapdı. Bunun üçün də zalda ayrıca stul qoyuldu. Əcnəbi tamaşaçını görəndə teatral mühitin dadını, ətrini hiss edirsən. Gənc nəsil, ümumiyyətlə, teatrdan soyuyub. Keyfiyyətli tamaşalar hazırlanmalıdır ki, tamaşaçını özünə cəlb edə bilsin”.

Aktyor, rejissor, dramaturq nəsli az yetişdiyini vurğulayan Rövşən İsax deyib ki, bunun bir çox səbəbləri var: “Maddiyyatdan tutmuş, digər problemlərə qədər bu səbəblərdəndir. Teatr, kino komanda işidir, burda rejissorun da, aktyorun da, dramaturqun da günahı ola bilər. Çünki bir-biri ilə vəhdət təşkil edir. Yemək bişirilirsə bunu dadı, duzu yerində olmalıdır. Duzu kəmdirsə, deməli yemək dadsız olacaq. Teatr, kino da belədir. Bir tərəfdən axsadısa, deməli ortaya mükəmməl iş çıxa bilməz. Digər tərəfdən, hər evdə çanaq antenləri var, internet əsrində yaşayırıq-bütün bunlar insanlara təsir edir. Mən uşaq olanda televiziya proqramını alırdım və kino olan yerləri həlqəyə alırdım. Həmin filmlərin təqdim olunacağı günləri səbirsizliklə gözləyirdim.
Keyfiyyət məsələsi də burda rol oynayır”.

Rejissor sözügedən festivalın keçirilməsini müsbət hal kimi qiymətləndirib: “Mən inanıram ki, Gənclərin II Ümumrespublika Teatr Festivalı yekunda ortaya layiqli gənclər çıxaracaq və bu gənclər teatrın aparıcı qüvvəsinə çevriləcəklər. gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Bundan gözəl nə ola bilər ki. İtərdim ki, bu festival mütəmadi olaraq hər il təşkil olunsun. Gənc nəsil bu dəstəkdən daha da ruhlanar”.

Qeyd edək ki, layihənin ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festivalın informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485

Oxşar yazılar