Şairdən teatrlara qeyri-adi təklif
09 oktyabr 2012 14:33 (UTC +04:00)

Şairdən teatrlara qeyri-adi təklif

“Azərbaycanda ciddi mədəniyyət növü olan teatrın inkişaf etməsi üçün atılan hər hansı bir addım - o cümlədən belə festivalların keçirilməsi mühüm mədəniyyət hadisəsi kimi dəyərləndirilməlidir”. Lent.az-ın məlumatına görə, bunu “Gənclərin II Ümumrespublika Teatr Festivalı”nın keçirilməsinə münasibət bildirərkən şair Qəşəm Nəcəfzadə deyib.

Kinosuz, teatrsız ədəbiyyatı heç hesab etdiyini deyən şair, teatrlarda repertuar siyasətindən də şikayətlənib: “Hər kəs yaxşı bilir ki, bu gün teatrlarımızda repertuar axsaqlığı var. İlyas Əfəndiyev teatrı o dövrdə canlandırmışdı, amma indi İlyas Əfəndiyevin gənclər arasında davamçıları yoxdur. Yaxşı olardı ki, hansısa bir teatrın yaradıcı heyəti qəfildən Bulvara gəlib bir tamaşa göstərsin. Dekorasiyasız, səhnəsiz, elə ekspromt olaraq. Bəlkə də həmin anda insanlar, elə polisin özü də çaşıb qalacaq. Hətta polis bu işə müdaxilə edəcək. Bax onda deməli, bu tamaşa alınacaq. Əvvəllər xalq teatrları belə vasitələrdən istifadə edirdi. Bunu indi də tətbiq etmək lazımdır ki, tamaşaçını teatra gətirmək mümkün olsun. Həm də bilirsiniz bu zaman nə qədər tamaşaçı yığılar?”

Söhbət əsnasında “Gənclərin II Ümumrespublika Teatr Festivalı”nın keçirilməsini yüksək qiymətləndirən Qəşəm Nəcəfzadə bildirib ki, sözügedən festival teatrlara marağı artıracaq: “Bu festival gəncləri həm teatra gətirəcək, həm də onları düşündürəcək. Gənclər yeni qüvvə deməkdir, bu qüvvəyə inanmaq lazımdır. Bir də gənclik həmişə dəstəyə ehtiyac hiss edib, inanın ki, bu dəstəyi görəndən sonra ruhlanıb. Bu festival da gənclərimizi ruhlandıracaq, onları teatra sevgi ruhunda tərbiyələndirəcək. Mən mütləq gəlib o tamaşalara baxacağam və gənclərin nəyə qadir olduğunun şahidi olacağam”.

Qeyd edək ki, layihənin informasiya dəstəyi Lent.az informasiya agentliyi, Guney.az xəbər portalı və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927

Oxşar yazılar