Xruşşov Qarabağla bağlı mövqeyinin qurbanı olub? – Mikoyanın İNTİQAMI
07 sentyabr 2023 20:15 (UTC +04:00)

Xruşşov Qarabağla bağlı mövqeyinin qurbanı olub? – Mikoyanın İNTİQAMI

Lent.az bu gün Sovetlər Birliyinin rəhbərlərindən biri olmuş Nikita Xruşşov barədə danışacaq. Təsadüf deyil. 7 sentyabr onun SSRİ-nın başına gəldiyi gündür. Haqqında danışılacaq çox maraqlı söhbətlər var. Yaxın oturun.

Sovet İttifaqının ən rəngli, ən qeyri-adi xarakterli rəhbərlərindən biri idi Xruşşov. 

1953-cü ildən 1964-cü ilə qədər Sövetlər Birliyinə rəhbərlik edib. Özünə Sovet İttifaqı Qəhrəmanı, Üçqat Sosialist əməyi Qəhrəmanı, general- leytenant kimi böyük adlar bağışlamış bu adamın adı keçirdiyi islahatlarla, “Xruşşovka” evlərlə, Stalinin şəxsiyyətə pərəstiş dövrünü tənqid etməsi ilə, SSRİ ilə kapitalist ölkələr arasında münasibətləri yaxşılaşdırmaqla, siyasi məhbusların böyük bir hissəsinə bəraət verməklə tarixdə qalıb.

Hə bir də o məşhur ayaqqabı məsələsi var axı. Nikita Xruşov 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman, diqqəti üzərinə çəkmək üçün ayaqqabısını çıxardıb tribunanı döyəcləyib, dünyaya meydan oxuyub.  Sovet lideri müstəmləkə ölkələrinə və xalqlarına azadlıq verilməsini tələb edirdi.
Həmin ayaqqabı 2007-ci ildə Xruşşovun nəvəsi tərəfindən 30 min dollara amerika vətəndaşına satılıb.

Sağlığında ona müxtəlif ayamalar da verilib. Məsələn, öz qəddarlığı ilə ad çıxarmış kommunistlərdən biri Beriya onu büro üzvləri qarşısında “Xryuşa” adlandırmışdı. Mülayim kimi görünsə də, sərt üzü da var idi. O tədbirdə  Xruşşov təmkinin pozmasa da, məqam çatanda Beriyanın həbs olunması üçün əmr vermişdi.

ABŞ-da qarğıdalı ilə bəslənən kök inəklər Xruşşova “qarğıdalı ikinci çörəkdir” ideyasını vermişdi və o Tümenə qədər bütün ölkəni qarğıdalı tarlasına çevirmişdi. Buna görə də, xalq arasında zarafatla “Kukuruznik” (qarğıdalı) ləqəbini almışdı.

Xruşşovun adını bu günkü nəsillər “Xruşşovka” evlərlə daha çox eşidirlər. Bəlkə də kimliyini bilmədən. 1956-cı ildə onun əmri ilə, əhalinin mənzillərlə təmin olunması məqsədilə kütləvi şəkildə yeni yaşayış binalarının tikintisi başlanıb. Ucuz tikilsin deyə materiallarından, enindən, uzunundan xeyli kəsilmiş həmin binalar “Xruşşovka” adlanır.

Xruşşovu hər kəs alkoqoldan çox istifadə edən bir lider kimi tanıyırdı. Əslində belə deyildi. Ona ABŞ prezidenti Niksonun xanımı qəribə bir qədəh bağışlamışdı. Bu qədəh kənardan dolu görünsə də, əslində bir qurtum içki tuturdu. Xruşşov bütün rəsmi tədbirlərdə məhz bu qədəhdən içki içirdi. Hər kəs onun bir nəfəsə dolu qədəhi başına çəkdiyini görürdü. İçdiyi isə bir qurtum idi.

Amma əksər slavyanlar kimi o da “Samaqon”u, dili söz tutmayana qədər sərxoş olmağı  sevirdi.
Xruşşovun Azərbaycan üçün xüsusi xidmətləri olub desək, yeri var.
Onun dövründə ermənilər Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi məsələsini dəfələrlə qaldırıb və hər dəfə o “yox” deyib. 1964-cü ildə SSRİ-nin rəhbər şəxslərindən biri olan Anastas Mikoyan Dağlıq Qarabağ məsələsi ilə bağlı Xruşşova növbəti dəfə müraciət edəndə o, maraqlı cavab verib: “Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz”.
Bu hadisə Mikoyanın ona kin bəsləməsinə səbəb olub və Xruşşovun hakimiyyətdən getməsində xüsusi rol oynayıb. O istirahətdə olduğu zaman 14 oktyabr 1964-cü ildə Mərkəzi Komitənin növbədənkənar plenumunda vəzifəsindən azad edilib, Leonid İliç Brejnev isə SSRİ-nin yeni rəhbəri seçilib. Bu plenumun keçirilməsinin əsas təşkilatçısı və təşəbbüskarı Mikoyan idi.
Xruşşov bu xəbəri böyük depressiya ilə qarşılayır. O həftələrlə heç kimlə danışmayıb, saatlarla kreslosunda oturub, gözlərini uzaqlara zilləyirmiş. Bir dəfə nəvəsi ondan halını soruşanda isə keçmiş lider, “baban ağlayır, Lyoşa” cavabını  verib. O duyğularını gizlədən adam deyildi. Bu çılğın duyğular şəxsi həyatını da rəngarəng etmişdi. Bu barədə az sonra...

Xruşşov nitqində tez-tez frazeoloji ifadələrdən istifadə edirdi deyə onu tərcümə etmək də asan olmurdu. O eyni zamanda  tərcümə zamanı dediklərinin çox dəyişdirilməsinin, yumşaldılmasının əleyhinə çıxırdı. Tərcüməçi onun “boğazıma ölü siçovul dürtmək istəyirsiniz” ifadəsini necə tərcümə edəcəyini bilməmişdi. Eyni şəkildə “sizə hər şeyi aydınladacam, baş düşəcəksiniz” mənasını verən “Sizə Kuzmanın anasını göstərərəm” ifadəsi problem yaratmışdı. Bu ifadəni tez-tez işlətməyi sevirdi.

1959-cu ildə o özü də bilmədən “Pepsi”nin reklam üzü olmuşdu. Niksonun ona təqdim etdiyi içki şüşəsini başına çəkməklə yayılan fotolar “Pepsi”yə milyonlar qazandırmışdı.
Gələk onun şəxsi həyatına.

Nikita Xruşşovun rəsmi xanımı kimi arxivlərdə Nina Petrovna Kuxarçukun adı çəkilir. Lakin 50 il bir yerdə yaşamış bu cütlüyün əslində rəsmi nikahı olmayıb. 3 uşaq böyütmüş  ata-ananın nikah kəsdirmək yadlarına düşməyib.

Onun ilk məhəbbəti isə, ilk xanımı Yefrosinya Pisareva idi. Gimnaziyada birlikdə oxumuşdular. Onun kommunist olmasında bu qadının rolu böyük olub. Yefrosinyanın ürəyini qazanmaq üçün kommunist olub. Ona qədər Xruşşovun arzusu ölkəni tərk edib, Amerikaya köçmək idi. Yefrosiniyadan bir oğlu, bir qızı olub. 1919-cu ildə Yefrosinya  vəba xəstəliyindən ölüb. Oğlu isə 1943-cü ildə II dünya müharibəsində həlak olub. Hərbi təyyarəçi idi. O ikinci dəfə Marusya adlı dul bir qadınla ailə qurmuşdu. 1922-ci ildə ondan boşandıqdan sonra, 1924-cü ildə Nina ilə ailə qurmuşdu. Dediyimiz kimi rəsmi nikah olmadan yarım əsr birlikdə yaşamışdı. 3 övladına baxmayaraq, 30-cu illərdə pioner dəstə rəhbəri Berta Kotlyarovaya aşiq olmuş, ondan ötrü duelə girmişdi. Sözün həqiqi mənasında. O Bertaya ona görə güllələnməyə hazır olduğunu söyləmişdi. Bertanın vaxtında araya girməsi ilə silahlar açılmasa da, duel şillə-yumruqla baş tutmuş, o qalib gəlsə də, qız rəqibinə ərə getmişdi. Xruşşov hətta sonralar həmin xanımı tapmış,  boşanıb, onunla yaşamasını istəmişdi.
 
Bütün böyük titullarına baxmayaraq, o ömrünün sonuna kimi sadəcə fəxri təqaüdçü kimi yaşayıb. 1971-ci ildə ürək tutmasından vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10442

Oxşar yazılar