40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar.
Düşməndən qorunmaq üçün onlar cəngəllikdə gizlənməyə məcbur olublar. Ata və oğul Vyetnam müharibəsinin hələ də davam etdiyini düşünərək 40 il burada yaşayıblar.
Lanq heç vaxt saat görməyib və elektrik enerjisinin nə olduğunu bilməyib. O, yalnız çaya çimməyə gedəndə cəngəllikdən çıxıb və 10-a kimi saya bilib.
Lanq yarasalarla qidalanıb və "onları zeytun kimi yey”b". Həyatı boyu cəngəllikdə atasından başqa 5 nəfəri görüb. Onların arasında isə qadın olmayıb.
Lanqın atası bütün ailəsinin öldüyünə əmin olub, amma bir gün digər oğlu Xo Van Çinin sağ qaldığı və uzun illər atası və qardaşını axtardığı ortaya çıxıb.
O, 2013-cü ildə atası və qardaşını Kuanq Nqay əyalətinin Ça Sin yaşayış məskəni yaxınlığındakı meşədə tapıb, onları kəndə qaytarıb.
Lanq burada 8 il yaşayıb. 2015 -ci ildə o zaman kimsəsiz adalara tək səfərlər təşkil edən şirkətdə işləyən tədqiqatçı Alvaro Tserezo ilə tanış olub.
Kişilər dost olublar və bir gün Tserezo Lanqdan bir həftə getdikləri cəngəllikdə necə sağ qalmağı öyrətməsini istəyib.
“Tanış olduğum ən maraqlı və eyni zamanda çox şirin insan idi. Cəngəllikdə birlikdə yaşayanda, mənə saatlar aparan hər şeyi saniyələrdə edirdi”, - Tserezo vurğulayıb.
Lanq bu il sentyabrın 6-da qaraciyər xərçəngindən vəfat edib.
Tədqiqatçının fikrincə, sivilizasiyaya qayıtması vyetnamlının cəngəllikdə öyrəşdiyi yaşayış tərzinə mənfi təsir göstərib.