Lent.az “Belə yaranıb” rubrikasında bu gün dəbdə olan geyimlərin əslində hansı məna daşıması barədə məlumat verir.
Bir neçə mövsümdür hər ayağı bir rəngdə olan şalvarlar, hər tayı fərqli rənglərdə olan ayaqqabılar dəbə düşüb. Bu stil əslində orta əsrlər kral saraylarında təlxəklərin geyimindən ilhamlanaraq ortaya çıxıb. Kralı şənləndirmək və başqalrından fərqlənmək üçün təlxəklər bir tərəfi ağ, bir tərəfi qara olan geyimlər geyinərdilər. İlk başlarda bu kədərlə sevincin qoşa yaşamasına işarə olsa da, zaman keçdikcə ağ-qaranı müxtəlif rənglər əvəz etdi. 500-600 il sonra isə təlxəklərin kostyumu müasir modelyerlərə ilham verdi.
Hazırda dəbdə olan yırtıq dizli, beli düşük olan şalvarlar isə 30-35 il öncə həmcinslərinə cinsi maraq göstərən kişilər arasında dəbdə idi. Cəmiyyətdə özünü açıq şəkildə büruzə verə bilməyən, daşqalaq olunmaqdan qorxan biseksuallar qarşı tərəfə özünü tanıtmaq üçün düşük belli dizi yırtıq şalvar geyinərdi, özünə portnyor tapardı.
Cırıq kapronlar, silikon dodaqlar, quş caynağı dırnaqlar, şişirdilən ombalar da cəmiyyətə əslində “gecə kəpənəklərinin” həyatından sürüşüb düşüb. Güclü ehtirasın nişanəsiydi.
Əyninə böyük ölçülü paltarın içində itib-batmaq dəbdir, “oversize” stili adlanır. “Oversize” geyimlər ilk dəfə Amerikada qaradərililər arasında yayılıb. Yoxsulluqdan əziyyət çəkən qaradərili gənclər həm böyüklərdən qalan paltarları geyinməyə məcbur idilər, həm də bu paltarlarla oğurluq etmək daha asan olurdu. Paltarın altında nəyisə gizlədib, “aradan çıxırdılar”, satıcı da fərqində olmurdu. Başqa sözlə, bu, oğru dəbidir.