LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 14-CÜ YAZINI TƏQDİM EDİR.
Tarix: 08 aprel 1952
290-cı aviasiya dəstəsinin pilotu Əzizbəyov və Sabir adına kolxozların alma bağlarını dərmanlamaq üçün havaya qalxır.
Lent.az xəbər verir ki, meyvə bağları Şahdağın ətəyində dəniz səviyyəsindən 760 metr yüksəkdə yerləşirdi.
Saat 15.30-dək “Po-2A” tipli təyyarə ilə dərmanlama aparan pilot yanacaq götürmək üçün Xucbala kəndindən Quba aerodromuna istiqamət götürür. Yanacaq götürüb Xuçbalaya qayıdan pilot 16.30-da dərman çiləməyi davam etdirir.
2 uçuşdan sonra pilot Alpan kəndindəki meyvə bağlarını dərmanlamaq üçün növbəti reysi yerinə yetirmək istəyir. Təyyarə havaya qalxaraq bağa yaxınlaşır, ikinci siqnalçının üzərindən ötür və bağdan 400 metr kənarda yerə çırpılaraq alışır. Pilot həlak olur. Yerə çırpılma saat 17.20-də baş verir.
Təhqiqatçıların rəyinə görə, qəzaya səbəb təyyarənin bağdan çıxdıqdan sonra kəskin bucaq altında sürəti artırması olub. Dağətəyi ərazilərdə spesifik olan külək hava maşınını aşağı, yerə doğru sıxır. Pilotlar çox vaxt bunu unudurlar.
Qəzanın digər səbəbi isə dərmanlanacaq əraziyə yer baxışının keçirilməməsi, çətin ərazilərin dərmanlanmasının ən az təcrübəsi olan pilota həvalə edilməsidir. Bu da o dövrdə qüvvədə olmuş uçuş normalarının kobud şəkildə pozulması demək idi.
Stalin dövrünün senzurası nəinki hadisənin ictimailəşdirilməsinə icazə verdi, hətta sənəddə hadisə iştirakçılarının və ifadəsi alınmış şahidlərin adları dəyişdirildi. Hadisəni görənlərdən isə bu barədə heç yerdə danışmamaq haqqında iltizam alındı. Qubalılar yaxşı başa düşürdülər ki, iltizamın pozulması nə ilə nəticələnə bilər.