Çindən olan bir kişi 27-ci dəfə universitetə qəbul üçün buraxılış imtahanından keçməyə çalışıb və yenə uğursuz olub.
Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Şi adlı çinli ali təhsilə çox önəm veridiyi üçün 27-ci dəfə qəbul imtahanına girib. O, eyni vaxtda bu illər ərzində öz işini quraraq tikinti materialları istehsalı üzrə fabrikini açıb. O, biznesində milyonlarla yuan qazanıb, lakin hələ də universitet təhsili olmadan xoşbəxt ola bilməyəcəyinə inanır.
Keçid balını toplamaq üçün son bir neçə ildə alkoqoldan və əyləncədən tamamilə əl çəkib və bütün vaxtını dərs oxumağa sərf edib. Səhər tezdən oxumaq üçün çay evinə gedir və işdən sonra dərs oxumaq üçün qalır.
Səylərinə baxmayaraq, Şi bu il də uğursuz nəticə əldə edib. O, son cəhdində 34 xal az toplayıb. 750 baldan 428 bal toplamaq hətta adi Çin universitetinə daxil olmaq üçün yetərli bal deyil.
“Əgər yaxşılaşmaya ümid yoxdursa, davam etməyin mənası yoxdur. Həqiqətən çox ciddi hazırlaşdım. Gələn il qəbul olacağam deyə bilmərəm. Çətin qərardır, amma mən də imtina etmək istəmirəm. Dayansam, ömrümün sonuna qədər hər fincan çayda peşmançılıq dadacağam”, - Lianq Şi bildirib.