İstədiyiniz birini özünüzə aşiq edə bilərsiniz - Hipnozun SİRLƏRİ – MÜSAHİBƏ
11 avqust 2023 16:05 (UTC +04:00)

İstədiyiniz birini özünüzə aşiq edə bilərsiniz - Hipnozun SİRLƏRİ – MÜSAHİBƏ

Bu dəfə hipnozdan danışacağıq.

Lent.az-ın müsahibi psixoloq, yaşam koçu Çinarə Bədəllidir. Sadəcə söhbətlə qalmayıb, əməkdaşlarımızdan birinə hipnoz seansı da etdirdik. İzləyə bilərsiniz. Bizimlə çox maraqlı olacaq. Yaxın oturun.

- Çinarə xanım, öncə hipnoz barədə qısa bir məlumat vermənizi istərdik. O, necə yaranıb, tarixi nədir?

- Hipnoz hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin yaranmasıdır. Hipnozu 19-cu əsrdə bir ingilis cərrah düşünüb, məqsəd cərrahi əməliyyatlar zamanı xəstənin ağrısızlaşdırılması idi. Amma qədim dövrlərdə müxtəlif mədəniyyətlərdə özünütəlqinlə təsir vasitəsi barədə məlumatlara rast gəlirik. Hipnozun müxtəlif növləri var. Müasir dövrdə hipnozdan tibbi məqsədlərlə yanaşı kriminal aləmdə, reabilitasiyalarda, cinayətlərin açılmasında istifadə olunur. 

- Hipnoz hamıya tətbiq edilə bilərmi?

-  Xeyr. 6 yaşa qədər uşaqlara, çox yaşlı insanlara, hipnoz fobiası, ağır ürək xəstəliyi olanlara, hər şeydən qorxan insanlara tətbiq edilə bilməz.

- İnsan istəmədən hiponoza düşürmü?

- Lazımi motivasiya və arzu olmadan heç bir insan hipnotik vəziyyətə düşmür.

- Özümüz özümüzü hipnoz edə bilərik?

- Hipnozdan daha çox hallarda sakitləşdirici vasitə kimi istifadə edilir. İnsan hipnoza meyillidir. Əslində gün ərzində dəfələrlə qısa müddətli trans vəziyyətinə düşə bilirik. Psixikamız bu yolla özünü gərginlikdən və əlavə yüklənmədən qoruyur. Özümüzü hipnoz edə bilərik.

- Özümüzə təlqin edib fövqəladə güc sahibinə çevrilməmiz mümkündür?

- Biz inansaq hər şey mümkündür. Psixologiya psixomatik xəstəliklərə səbəb olur. Zehin bədəni sağalda və xəstələndirə bilir. Əslində hər şey beynimizdə başlayıb beynimizdə bitir. Xəstəliklərin bir çoxu illüziyadır. Əgər bu dünyada bir nəfər adam su üzərində yeriyə bilir, başqa insanların gücü çatmadığı şeyləri edirsə, demək başqaları da edə bilər. Yetər ki, bunu çox istəyək, hədəfimiz halına salaq.

- Qaraçılar hipnozu bilirlər? Çox eşitmişik ki, deyirlər evə girdilər, gözümün önündə qarət etdilər xəbərim olmadı və ya əlimdəki pulu verdim, necə verdim bilmədim... Müsahibəyə başlamadan öncə dediniz ki, bu elmi öyrənə bilmək üçün 80 min manata qədər xərc çəkmisiniz. Bu qədər bahalı çətin elmi qaraçılar necə qavrayırlar?

- Qaraçıların etdiyi daha çox manipulyasiyadır, transdır, təlqindir.  Məsələn, maşınla yol gedirsən, yox xətlərinə baxa-baxa özünü trans hala sala bilirsən. Buna avtohipnoz deyilir.

-  Hipnozla hansı xəstəlikləri müalicə etmək olar?

-  Mən əsasən patologiyalar üzrə ixtisaslaşmışam. Ona  görə bu sahədən danışım. Hipnoz vasitəsilə kəkələmələri aradan qaldıra bilirik, müxtəlif xoşagəlməz fiziki vərdişlər (tiklər), travmalar varsa onların həllinə çalışırıq. Şüuraltımız aldığımız travmada ilişib qalır, biz o yaraları sağaldıb nəticəyə nail ola bilirik. Hipnozla alkoqolizmdən, siqaret və narkotik asılılığından, psixosomatik xəstəliklərdən azad olmaq mümkündür. Amma yalnız hipnozla deyil, müxtəlif psixoloji metodlarla.

- Hipnoz vasitəsilə bir neçə seansa xarici dil öyrənmək mümkündür?

- Ən çox gələn suallardan biridir. Hipnoz vasitəsilə siqareti tərgitmək, narkotik asılılıqlardan azad olmaq bir neçə dil öyrənmək, hətta xərçəng xəstəliyindən xilas olmaq mümkündür. Məsələ bundadır ki, siz hipnoza yatqınsınızmı? Hipnoz bunu edənin yox, hipnoz olunanın bacarığıdır. Əgər insanın şüuraltı doludursa, onu hipnoz eləmək asan olmur.

- Axı psixoloqa da dərdsiz adam müraciət etməz. Başqa sözlə müraciət edən şüuraltı dolu olaraq gəlir.

- Hipnoza qədər bir neçə seans keçiririk, şüuraltını rahatladırıq, sonra seansa başlayırıq. Əslində bütün pasientləri hipnozla müalicə etmək doğru deyil. Hər insana müxtəlif psixoloji metodlar tətbiq edilir, Buna konsultasiyadan sonra qərar veririk.

- Hipnozla birini özünə aşiq etmək və eşq acısından qurtarmaq olarmı?

-  Mümkündür. Hipnozla aşiq etmək manipulyasiya etmək deməkdir. Amma eşq acılarını, unudulmayan yaraları silmək olar.

- Unutmaq, hansısa travmanı yaddaşdan silmək mümkündür?

- Beyinin elə bir funksiyası yoxdur. Gərək beyin hansısa bir zədə alsın ki, o xatirələr silinsin. Biz sadəcə  acı verən, incidən yaraların bizi daha az incitməsinə, düşüncə tərzimizin dəyişməsinə nail ola bilirik, duyarsızlaşdırırıq.

- Psixoloji problemi olan birini zorla psixoloqa zorla gətirib effekt əldə etmək olar?

-  Bir insan zehni olaraq dəyişməyə hazırdısa, yalnız o zaman effekt ala bilər.

- Hipnozla özünü gəncləşdirmək mümkündürmü?

- Təbii. Bunu artıq praktiki halda edirlər. Müxtəlif afirmasiyalarla həyata keçirilir. Baxırsan ki, insan özünü daha gənc hiss edir.

- Hiss edir, amma qırışları da açılırmı?

- Bəli. Sadəcə bu hipnozla bağlı deyil.

- Xərçəngi psixoloji metodlarla  sağaltmaq olursa, niyə bu qədər əziyyət çəkirik?

- Biz bunu müxtəlif tibb konfranslarında dediyimiz zaman bizi daşa tutmuşdular. İndi hamı tətbiq etməyə başlayıb. Dünyanın bütün ölkələrində xərçəng xəstələri üçün psixoloji kabinetlər mövcuddur. Onkoloji mərkəzlərdə mütləq olur. Bizdə etmirlər. Xərçəng xəstəsinə ilk növbədə özünə inam, stressdən uzaq durmaq lazımdır, bundan əlavə onun ətrafındakılar üçün də bu şərtdir. Bu işin marketinq tərəfi də var. Bəzi psixoloqlara daha çox sərf edir ki, xəstəni 4 seansa yox, 20 seansa sağaltsın. Psixoterapiyalarla xərçəngi tam sağaltmaq olmasa da, qarşını almaq, inkişafını dayandırmaq olar. Xaricdə bəzi xərçəg növlərinin tamamiləsağalması faktları da var. Təbii ki, bu həkim müalicəsi ilə paralel aparılır. Xərçəng  illüziyadır. Bizim cəmiyyətimiz bir az ağlamağa, neqativə meyillidir. Pozitivi qəbul eləmək çətin gəlir. Birinin xərçəng xəstəsi olduğunu eşidəndə ona qarşı münasibət dəyişir, bu gün- sabah öləcəkmiş kimi davranırlar.

- Bir tanışım psixoloqa görmə və eşitməsini yaxşılaşdırmaq üçün gedirdi. Bu nə dərəcədə realdır?

- Çox fədakarlıq edən adamların gözləri daha tez zəifləyir. Miop, astiqmat olan insanların böyük əksəriyyəti fədakar insanlardır. Eşitmək istəmədiyi, qəbul etmək istəmədiyi nüanslar olanda insan zəif eşitməyə başlayır. Psixoloji dəstəklə bundan qaynaqlanmış göz və eşitmə zəifliyini aradan qaldıra bilirik.

 - Psixoloqldan da asılı vəziyyətə düşmək olur?

 - Marketinq hiyləsi olaraq bunu edən həmkarlarım var. Etik deyil. Amma bu da mümkündür. Yəni adamı bir dəfə psixoloqdan yardım alıb, özünü yaxşı hiss edibsə, ayağına daş dəysə, yenə onun yanına qaça bilər. Bipolar pozuntusu olanlar isə ömür boyu psixoloqa getməlidirlər. Yaşadığımız müddətdə özümüz də bilmədən müxtəlif psixoloji travmalar alırıq. Buna görə, necə ki, arabir gedib Check-up etdiririk, eləcə də psixoloqa da müraciət edib şüuraltımıza yığılmış zibilləri təmizləməliyik.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13203
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar