İlin ən depressiv günü açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu təyin edərkən psixoloji, iqtisadi və meteoroloji göstəricilərdən istifadə olunub.
Nəticədə yanvar ayının üçüncü bazar ertəsi “Mavi Bazar” adlandırılıb. İddia edilir ki, həmin gün insanlar çox böyük kədər, həsrət və xəyal qırıqlığı yaşayırlar.
Bəs, doğrudanmı bu ilin ən kədərli günüdür?
Cavab "yox". Mavi bazar ertəsi terminindən tarixdə ilk dəfə 2004-cü ildə psixoloq Cliff Arnal istifadə edib. O, Britaniyanın “Sky Travel” turizm şirkəti üçün ilin ən acınacaqlı gününü təyin etmək məqsədilə bir düstur hazırlayıb. Sonradan "Sad Monday" ifadəsi “Sky Travel” üçün reklam kampaniyasında istifadə edildi. Bu reklamlarda səyahətlərin köməyi ilə insanları depressiyadan xilas etməyi təklif edilirdi.
Cliff Arnalın fikrincə, həmin günün həm qısa, həm də işləyənlər üçün maaşın hələ də uzaqda olması və Milad bayramından sonra gələn boşluq hissi insanlara pis təsir göstərir.
Aparılan hesablamaları sonradan elmi və akademik ictimaiyyət də qəti şəkildə rədd edib.
Birmingem Universitetinin professoru Kreyq Ceksonun sözlərinə görə, insanların bu cür psixoloji vəziyyətləri Milad bayramının bitməsinə qarşı təbii reaksiyadır. Bu cür normal hisləri hansısa formada “kəskin depressiyaya” çevirmək, məsələn, “kədərli Bazar ertəsi” ifadəsi çox yanlışdır. Bu tarixin daha çox depressiyaya səbəb olduğunu təsdiqləyən heç bir elmi dəlil yoxdur.
Ceksonun sözlərinə görə, ölüm, xəstəliklərin olması, psixoloji vəziyyətlər və hətta intihara cəhdlərin sayı yanvarın digər günlərinə nisbətən üçüncü bazar ertəsi günü dəyişmir.
Cekson onu da qeyd edib ki, qış ayları depressiya və narahatlıq hisslərinin artmasında rol oynaya bilər.
2015-ci ildə “The Physician” and “Sports Medicine” jurnalında dərc edilən araşdırmaya görə, bəzən “qış depressiyası” olaraq adlandırılan Mövsümi Affektiv Bozukluk (SAD) insanların 1-10 faizinə təsir edən bir vəziyyətdir.
“SAD, əsasən qış aylarında günəşli günlərin olmaması, bir çox səbəbə görə fəaliyyət, asudə vaxtın azalması kimi sosial səbəblər nəticəsində yarana və ya kəskinləşə bilən, yüngül və ya ağır simptomları olan depressiyanın bir formasıdır”, - Cekson bildirib.