Filankəsin adı filan sahədə brend olub, filankəs brenddir. Filan firmanın məhsulları brenddir, hansısa varlı xanım yalnız brend mallar geyinir. Bu kimi ifadələr son illər dilimizdə çox işlənir. Daha havalı, daha nüfuzlu görünmək istəyənlər brenddən tez-tez istifadə edirlər. Kimisi brend maldan, gücü yetməyən də brend sözünün özündən. Bəs nədir axı bu brend?
Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər.
Əslində şəhərlilərin yaratdığı ifadə kimi görünsə də brendi kəndlilər yaradıblar, bu söz damğa sözündən götürülüb.
"Brend" kəlməsi qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov, dəmir damğa" kimi tərcümə olunur. Heyvan sahibləri heyvanlarını başqa çobanların mal-qarasından ayırmaq üçün onların arxa hissəsinə öz hazırladıqları damğaları basırdılar. Atın, eşşəyin, donuzun, qoyunun, keçinin, bir sözlə hər bir ev heyvanının brendi olurdu. İnsan heyvan üçün yaratdı, sonra özü istifadə etməyə başladı.