O qədər xəzinə batdı o gecə,
Ki, şənbə gecəsin unutdu Gəncə.
Zəlzələ bir qayda olaraq dağıntı və fəlakətlə müşayiət olunur. Bəzən isə əksinə olur: Zəlzələ zamanı gözəl su mənbələri də ortaya çıxa bilir. Azərbaycan tarixində buna gözəl bir misal var.
Lent.az-ın xəbərinə görə, Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.
700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən şərqdə yenidən salınıb.
Zəlzələdə yaranan göllərdən ən məşhuru Göygöldür. Göygölün dəniz səviyyəsindən hündürlüyü 1556 metr, sahəsi 0,78 kvadrat kilometr, orta dərinliyi 30 metr, ən dərin yeri isə 96 merdir. Uzunluğu cənubdan şimala 2800 metrə, ən enli yeri isə 800 merə çatır. Əsasən yağıntı və Yuxarı Ağsu çayının suları ilə qidalanır.
Göl 1965-ci ildə təbiətin və heyvanat aləminin qorunması məqsədi ilə yaradılan Göygöl qoruğunun ərazisinə aiddir.
Repressiya qurbanı olan şairimiz Əhməd Cavad Göygölü belə vəsf edirdi:
Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda:
Əks etmiş dağların camalı Göygöl!