Böyük çillə və ən uzun gecə nə qədər davam edir? - Alimdən CAVAB
21 dekabr 2020 13:32 (UTC +04:00)

Böyük çillə və ən uzun gecə nə qədər davam edir? - Alimdən CAVAB

Bu gecə ilin ən uzun gecəsi olacaq.
Bunu Lent.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib:"Bu gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə, 38 saniyə olacaq".
Qeyd edək ki, bu gün Azərbaycanda qış fəsli başlayır. El arasında qışın ilk 40 günü böyük çillə kimi də ifadə olunur.
Azərbaycanın bir çox yerlərində hər il dekabrın 20-si, ya da 21-də çillə mərasimləri qeyd edilir.
Çillə mərasimləri milli dəyərlərimizin tərkib hissəsidir.
Çillə bayramı, çillə gecəsi qış başlandığı gün qeyd edilir.
Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Xalq arasında "ağırlıq, dərd, kəramət, xəstəlik" mənalarında da başa düşülür.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, "çillə" adı ilə üç yerə bölüb. Bunlardan böyük çillə 40 gün (dekabrın 21-dən  yanvarın 30-dək), kiçik çillə 20 gün (yanvarın 31-dən  fevralın 20-dək), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (fevralın 20-dən martın 20-dək) davam edir.
Çillə bayramı xüsusi qeyd edilər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görülərdi. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində çillə qarpızı olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Çillə qarpızı xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayardılar.
Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, "ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim". Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi rayonlarda yaşlı insanların dediklərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilirdi. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedərdilər. Bayramlıqlar içərisində çillə qarpızı xüsusi yer tutardı.
Çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz.
Həmin gecə süfrəyə adları "q" hərfi ilə başlayan nemətlər düzülərmiş. Məsələn qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair.
Çillə bayramınız mübarək olsun. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Aygün İbrahimli

Oxşar yazılar