Belçikalı və almaniyalı alimlər genlərdən birini deaktiv edərək siçanlarda əlaqələndirici xatirələrin silinməsinə nail olublar.
Lent.az “technote”a istinadən xəbər verir ki, əlaqələndirici təlim beynin hər-hansı bir xarici mütəmadi fəaliyyət faktorunu mənimsəməsi prosesidir.
Məsələn, məktəbdə tənəffüs zəngi çalanda uşaqlar bilirlər ki, tənəffüs müddətində qidalanma prosesi gedəcək. Beləliklə, onlar zəngin səsini eşidən zaman orqanizmləri artıq həzm etmə prosesinə hazır olurlar.
Təcrübə zamanı alimlər siçanlara işıqlı mühitdə qəfəsin bir hissəsindən digərinə hərəkət etməyi öyrədiblər. Siçanlar bu tapşırığın öhdəsindən gəldikləri zaman qida ilə mükafatlandırılırdılar. Daha sonra onlar siçanların beynindəki neyroplastin genini deaktiv ediblər. Bundan sonra məlum olub ki, işıqlı mühitdə siçanların nə edəcəkləri yaddaşlarından silinib.
Yəni genlərdən sadəcə birini deaktiv etmək təlim zamanı əldə olunmuş əlaqələndirici xatirələrin silinməsinə gətirib çıxardır.
Neyroplastin geni beynin hücüyrələri arasındakı rabitə rolunu oynadığı üçün onu deaktiv edən zaman bu cür nəticə əmələ gəlir. Başqa sözlə desək, sözügedən gen xatirələrin saxlanılması mexanizminin iş prinsipini yerinə yetirir.
Qeyd edilib ki, alimlər neyroplastin geninin öyrənilməsini davam etdirəcəklər.