Türkiyəli müğənni Yusuf Güney son zamanlar verdiyi maraqlı açıqlamalarla diqqət çəkir.
Lent.az-ın xəbərinə görə, müğənni uzun müddət şou dünyasından kənara çəkilib özü ilə baş-başa qalması, astral səyahətləri ilə tamamilə fərqli düşüncə sahibinə çevrilməsi barədə danışıb.
“Bir neçə il öncə ilk dəfə Ağrıya konsert proqramına dəvət olunanda astral səyahət yaşadım. Bilərək olmadı. Konsertdən yorğun gəlib qonaq qaldığım evdə yatdım və bir anda özümü başqa bir dünyada gördüm. Ona qədər astral səyahət barədə xəbərim olsa da, marağımda olmamışdı.
O gündən sonra özümü inkişaf etdirməyə başladım. Öncə müxtəlif şəhərlərə, müxtəlif ölkələrə səyahət edirdim. Sonra Aya və Marsa, Günəş sistemindən kənara çıxmağa başladım.
Astral yolçuluqda məni insanabənzər, əlləri və siması olmayan boz rəngli örtüklərə bürünmüş, 2-3 metr boylarında varlıqlar müşaiyət edirlər. Onlar ruhlar dünyasının bələdçiləri, başqa sözlə polisləridir. Astral aləmdə səyahət edənlərə nəzarət edir, pis niyyətliləri kosmik səfərlərə buraxmırlar. Bunu sol qulağımıza toxunmaqla anlayırlar. Məndən başqa səyahətə çıxanlar da var.
Çox maraqlı tarixi şəxslərlə görüşmüşəm. Bu səyahətlər zamanı istədiyin suala cavab tapa bilirsən. Günəş sistemindən kənara çıxarkən azıb bir daha öz bədəninə qayıtmaya bilərsən.Təhlükəlidir. Buna görə ilk kosmik səyahətimdə bələdçilər mənim üzümə şapalaq vuraraq oyandırdılar. Oyanmazsan bu aləmdə komaya düşmüş kimi, bitki kimi yaşamalı olursan”, - deyən müğənni əlavə edib ki, Marsa səyahət zamanı Türkiyə böyüklüyündə yaşıl bir göl görüb, lakin bu gölün tərkibi su deyil, fərqli maddə olub.
“Astral səyahətlər siması olmayan o ruhi varlıqlar sənə qorxmamağı təlqin edirlər və bu dünyada olan heç bir şey üçün daha narahatlıq hiss etmirsən. Evin, ailən, geridə buraxdıqların- bunların heç biri əhəmiyyət daşımır. Növbəti dəfə zamanda astral səyahəti planlayıram”, - o qeyd edib.
Yusuf Güneyin fikrincə, zamanda yolçuluq zamanı keçmişə yox, gələcəyə uçmaq mümkündür.
Qeyd edək ki, Yusuf Güney şou-biznes qalmaqallarından uzaq duran müğənnidir. Son illər təsəvvüf, parapsixologiya, fəlsəfə kimi müxtəlif elmlərlə dərindən maraqlanır.