“Türkiyəli ilahiyyatçı, “A9” kanalının rəhbəri Adnan Oktar (Harun Yahya) təriqətinə qoşulmuş qızlara qarşı əxlaqsız hərəkət edir”. Bunu Lent.az-ın elektron poçtuna məktub göndərən bir xanım iddia edirdi. Adını anonim saxlayan xanım vaxtı ilə Adnan Oktarın təriqətində olduğunu demişdi. Azərbaycan mediasında yayılan məlumatlarda dəfələrlə qeyd olunub ki, “Canan” ləqəbli xanım sosial şəbəkələrdə fəallığı ilə tanınan Aysel Vəlizadədir. Bununla yanaşı, dünən mətbuatda “Canan”ın Adnan Oktarla yazışması yayılıb.
Aysel Vəlizadənin vəkili Tural Məmmədov Lent.az-ın poçtuna göndərdiyi məktubunda bu qalmaqallı məsələ ilə bağlı mətbuatda yazılanlara münasibətini bildirib:
“Bu mövzuya aydınlıq gətirmək istəyirik. Yayılan xəbərlərdə vəkili olduğum Aysel Vəlizadənin adı keçir. Xəbərə görə, “Whatsapp” yazışması olan şəkillər guya Adnan Oktarın Azərbaycanda Canan adlı bir xanımla “Whatsapp”-da yazışmasını əks etdirir. Lakin yazışmanın heç birində nə nömrə, nə ad görünür. Yazışmanın aid edildiyi, amma yazışmada adının belə görülmədiyi “Canan” adının Aysel Vəlizadəyə aid edilməsi düzgün deyil. Xəyal məhsulu olan bu şəkillərin böhtan xarakterli, amma eyni zamanda da çox səriştəsiz hazırlandığını diqqətinizə çatdırırıq:
1. “Whtsapp” proqramında göndərilən mesajlar yaşıl, qəbul edilən mesajlar isə ağ rəngli fon üzərində olur. Adnan Oktarla guya Canan adlı xanım arasında iddia edilən yazışmaların rəsmlərinin Canan adlı xanımın telefonundan çəkildiyi iddia edilir. Ancaq əgər belə olsaydı, yuxarıda verdiyimiz məlumata əsasən, Canan adlı xanımın yazdıqları yaşıl, Adnan Oktarın yazdıqları isə ağ fon üzərində olmalıydı. Yayımlanan şəkillərdə isə bunun əksini görürük. Belə olduğu halda, şəkillərin Adnan Oktarın telefonundan çəkilməsi lazımdır.
2. Şəkillərdə Adnan Oktarın yazdığı iddia edilən şərhlərdə türk dilinin qrammatikasına uyğun olmayan sözlərdən istifadə olunub. Bu da göstərir ki, yazılanlar türk olmayan biri tərəfindən qeyd olunub. Bunlara misal olaraq aşağıdakıları göstəririk:
a) Müsafir - Türk dilində Müsafir sözü yoxdur. Bu söz türk dilində Misafir olaraq yazılır.
b) Hotel - Türk dilində Hotel sözü yoxdur. Türk dilində bu söz Otel olaraq yazılır.
c) Havalimanı - Türk dilində Havalimanı sözü yoxdur, qarşılığı Havaalanıdır. Azərbaycan dilində isə bu söz hava limanıdır.
d) Bosniya - Türk dilində Bosniya sözü yoxdur, bu sözün qarşılığı Bosnadır. Azərbaycan dilində isə bu söz Bosniyadır.
e) Bakiremi - Türk dilində mi sual ədatı bitişik yox, ayrı yazılır. Və bunu bütün türklər bilir və bu cür yazırlar.
f) Tanisdira - Türk dilinde yumsaq samitlər anlayışı var və yumşaq samitlərlə bitən sözlərdə dı, di, du, dü şəkilçiləri tı, ti, tu, tü yə çevrilir. Buna əsasən "tanisdira" sözü "tanistira" kimi yazılmalıdır. Bunu bütün türklər bilir. Bu səhvi isə azərbaycanlılar edir.
3. Adnan Oktar Allaha olan sevgisi və hörmətini hər yerdə göstərdiyi kimi yazılarında da göstərir. Buna görə də "maşaAllah" kəlməsində də "Allah" sözünü böyük hərflə yazır. Bu həmdə onun bir çoxları tərəfindən bilinən açıq-aşkar imzasıdır. Bu rəsmlərdə isə Adnan Oktarın yazdığı iddia edilən yazılarda "MaşaAllah" kəlməsi "masallah" kimi yazılıb.
Yuxarıda sadalanan maddələrə baxdığımız zaman yayımlanan rəsmlərin saxta olduğunun və qərəzli şəkildə yayıldığının sübutudur”.
Qeyd edək ki, bu barədə yayımladığımız bütün materiallarda Aysel Vəlizadənin yazışmada iştirakının fakt yox, iddia olduğunu qeyd etmişdik. Lent.az olaraq bu məsələdə heç bir xüsusi marağımız yoxdur və tərəflərin hər birinin mövqeyini işıqlandırmağa hazırıq.