Türkiyənin TRT telekanalı üç illik fasilədən sonra 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsinə qayıtmaq barədə qərar qəbul edib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, məlumatı Türkiyənin “Cümhuriyet” qəzeti yayıb.
Türkiyə 1975-ci ildən iştirak etdiyi müsabiqənin səsvermə sistemindəki ədalətsizliyə etiraz olaraq 2013-cü ildə “Eurovision”dan ayrılmışdı. Müsabiqəyə 2014 və 2015-ci illərdə də qatılmayan Türkiyə və yaraışmanın təşkilatçısı Avropa Yayım Birliyi (EBU) arasında son vaxtlarda yeni danışıqlar aparılıb. Nəhayət, TRT 2016-cı ildən müsabiqəyə yenidən qatılmaq qərar verib.
TRT-nin baş direktoru Şenol Göka bildirib ki, təkcə səsvermə sistemi yox, əxlaqi sistemdə də problemlər olub: “Son illərdə bəzi məsələlər önə çıxmağa başlamışdı. Bunlarla bağlı tənqidləriniz var idi. Həmin məsələlər ətrafında qarşılıqlı qərarlar qəbul edildi”. TRT-nin baş direktorunun sözlərinə görə, Türkiyənin tələbləri yerinə yetiriləcək.