Mayda İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsində iştirak etmək üçün Rusiya da öz təmsilçisini seçib.
Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumatına görə, Rusiyanı bu müsabiqədə "Qolos" şousunun qalibi Dina Qaripova təmsil edəcək.
Qaripova müsabiqədə “What If” mahnısı ilə çıxış edəcək. Kompozisiya İsveç prodüserləri Qabriel Alares və Yoakim Bornberq və "Avtoqraf" qrupunun keçmiş bas-gitaraçısı Leonid Qutkinin müəllifliyi ilə ərsəyə gəlib.
21 yaşlı Dina Qaripova Tatarıstan Respublikasının Zelenedolsk şəhərinin sakinidir. O, ötən il Rusiyada «Birinci kanal»ının "Qolos" layihəsinin qalibi olub. Finalda Qaripovaya bir milyondan çox tamaşaçı səs verib.
Qeyd edək ki, Rusiya mayın 14-də keçiriləcək birinci yarımfinalın birinci mərhələsində 8-ci sırada çıxış edəcək.