Müğənni Əli Mirəliyev Rəqsanə İsmayılovanın onu məhkəməyə verərək, 100 minlik təzminat istəməsinə münasibət bildirib. Lent.az-a açıqlama verən Ə.Miəliyev bildirib ki, R.İsmayılova özü 100 min manat ödəməli olacaq: “Rəqsanə məni məhkəməyə verib. Amma nə olsun? Məhkəməyə verməklə iş bitmir. Hələ bilinmir ki, son qərar nə olacaq. Kim təqsirkardır. Çünki onun bütün qohumları məni, yoldaşımı, qızımı söyüb. Canlı efirdə də məni təhqir edib. Məni və ailəmi təhqir etdiyinə görə, o, məhkəməyə veriləcək. Mən uşaq deyiləm, 65 yaşım var. Xəstə adamam, iflic olmuşam. İndi müalicədəyəm. Hətta Rəqsanədən mənə zəng gələndə sistem altında idim. Telefonu götürdüm, yoldaşım gördü ki, rəngim qaralıb, dedi “ver danışım”. Danışdı, onu da söydü, qızımı da. İndi məni şantaj edir. Şantaj edir ki, mən onu tərifləyim, deyim ki, yaxşı oxuyandı. Xeyir, elə şey yoxdur. Rəqsanə oxuyan deyil. Dünya dərəbəyilik deyil. Mən kişiyəm. Qadını məhkəməyə verənlərdən deyiləm. Amma bu məsələni Rəqsanə bu yerə gətirib, artıq mənim vəkilim var. Bu işlə məşğul olur".
Xatırladaq ki, R.İsmayılovanın həmkarını məhkəməyə verməsinə səbəb, verilişlərin birində Ə.Mirəliyevin onun barəsində xoş olmayan ifadələr işlətməsi olub.
Qeyd edək ki, R.İsmayılova Ə.Mirəliyevi məhkəməyə verməsini bu cür əsaslandırıb: “Əli bəy bir dəfə verilişlərin birində barəmdə biabırçı sözlər danışdı. Susdum, hörmətlə yanaşdım. Daha sonra digər verilişdə yenidən eyni sözləri təkrarladı. Məni tanıyanlar da deyir ki, niyə sakit durmusan, cavab vermirsən? Artıq təngə gəldim. Əli Mirəliyevi məhkəməyə verdim”.