Rambutan, “Lara” üçün yemək və 207 manatlıq bazarlıq - REPORTAJ
16 yanvar 2013 11:14 (UTC +04:00)

Rambutan, “Lara” üçün yemək və 207 manatlıq bazarlıq - REPORTAJ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu belə bilir. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, yeni layihəyə start veririk: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

“Bazarlıq”ın budəfəki qonağı müğənni Roza Zərgərlidir. Roza ilə ənənəvi bazarlıq etdiyi super-marketin qarşısında  görüşdük .

Müğənni ilə görüşəndə məlum oldu ki, pəhriz saxlayır. Amma sən demə, yaxşı yeməklərdən də vaz keçə bilmir.

- Yeməklə aram yaxşıdır. İştahamı saxlaya bilmədiyim üçün artıq 4-5 kiloqram kökəlmişəm. Ona görə də, bir az depressiya keçirtdim. Bura da elə gözəllik salonundan gəlirəm. Saçlarıma biçim verdim. Bəlkə depressiyadan çıxdım (gülür).

 

*** 

 

Marketə daxil oluruq. Sən demə, tez-tez buradan bazarlıq etdiyindən satıcılar, digər işçilər onu tanıyırlar. Roza xanım ilk olaraq çörək almaq istəyir. Müğənniyə təklif edirəm ki, bəlkə çörəyi ən sonda alaq? Mənim seçimimlə razılaşır. Ət satılan şöbəyə yaxınlaşırıq. Satıcı ilə ilk dialoqdan məlum olur ki, Rozanın ət məhsullarını seçməkdə təcrübəlidir. Hətta onun daimi ət aldığı satıcını orada görməyib, yeni gələn satıcıdan soruşur:

 

- Mənim dostum haradadır? O bilir mənə nə cür ət lazımdır. Yalçın, axırıncı dəfə üç gün bundan qabaq qoyun əti almışdım ondan. (Yenidən satıcıya) Sən yenisən, indidən deyim biləsən, ki, mən təzə kəsilmiş qoyun əti alıram. Bu ət nəsə... Qulaq as, mənə mal əti ver.

 

- Neçə kiloqram olsun?

- Çox istəmirəm. 2 kiloqram bəs eləyər.

Satıcı 2 kiloqram ət çəkir.

- Bilirsən Yalçın, bizim evdə ən çox qoyun əti bişir. Demək olar ki, hər gün qoyun əti yeyirəm. Mal, toyuq və balıq ətini o qədərdə sevmirəm.

Mal ətini alan yerdə müğənni yumurta soruşur.

- Sizdə yerli, kənd yumurtası var?

 Satıcı cavabında...

- Bizdə bildirçin yumurtası da var.

- Yox, kimdir bildirçin yumurtası yeyən? Sən, elə mənə bir qutu kənd yumurtası ver.

- Roza, hansı ərzağa ən çox pul xərcləyirsən?

- Ən çox pul xərclədiyim ətdir. İkincisi isə qızımın və mənim saç şampunumdu. Qızım Bənövşənin 15 yaşı var. Saçları da həddindən artıq uzun olduğu üçün hər gün yumalıdır. Özümdə çox şampun istifadə edirəm.

 

-  Bu alış-veriş məkanına girəndə diqqət etdim ki, bu super-marketin rəhbərliyini soruşdun və burada işləyən qızlar da “yenə Roza xanım gəldi” söylədi. Deyəsən bura tez-tez gəlirsiz?

-  Buranın işçiləri, o cümlədən bu məkanın rəhbərliyi hər zaman mənə qarşı diqqətcildir. O üzdən burdan bazarlıq edirəm. Çox sağ olsunlar ki, müğənniyə bu cür hörmət edirlər. Mən bura 1-2 dəfə gəlmirəm axı. Hər ay bir neçə dəfə. Birdə görürsən ki, buradan həftədə də 2 dəfə alış-veriş edirəm.

 

***

 

Meyvə tərəvəz şöbəsinə yaxınlaşırıq. Satıcı Roza xanımı görcək soruşur,

- Roza xanım yeni Kolumbiya meyvəsi gəlib, bəlkə dadasınız?

- Nədir o elə Kolumbiya meyvəsi? Bizi zəhərləyib öldürərsən.

- Bu meyvələr yalnız Kolumbiyada yetişir, adı da rambutandır.

Müğənni təəccüblə satıcının təklif etdiyi meyvələrə baxır və satıcıdan bu məhsulun dadına baxması üçün bıçaq tələb edir. Satıcı isə meyvəni özü kəsərək müğənniyə göstərir.

- Necədir, Roza xanım? Bəyəndinizmi?

- Bu meyvə mənə maraqlı gəldi. Çox qəribə, xoşa gələn tamı var. Gərək hər dəfə bundan alım.

Sonradan, kassada məlum olacaqdı ki, bir ədəd rambutan 9 manat imiş

Tərəvəz seçimi də çox vaxt aparmır. Zirə xiyarı, kartof, soğan, kahı, çuğundur alıb üz tuturuq kosmetik ləvazimatlar satılan şöbəyə.

Bu şöbədə ürəyincə bir şey tapa bilmir. Elə yaxınlıqdakı şöbədən tualet kağızı, süfrə salfeti, tualet ağardıcısı, əl sabunu və yuyucu toz alır. Və maraqlıdır ki, hamısının arxasındakı holoqrama diqqətlə baxır.

- Deyəsən, alış-veriş edərkən keyfiyyət nişanına xüsusi diqqət edirsən…

- Diqqət etdinsə, mən satıcılardan hər məhsulun yenisini tələb edirəm .Mən belə şeylərdə çox diqqətliyəm. Adi bir məhsul alanda da, diqqət eləyirəm ki, vaxtı keçməsin. Bu, əsasdır. Çünki, vaxtı keçmiş məhsullar çox təhlükəlidir, belə şeylərdən ehtiyat edirəm. Telekanallarda, saytlarda vaxt olan kimi baxıram, görürəm ki, neçə-neçə insanlar keyfiyyətsiz və vaxtı keçmiş məhsullardan zəhərlənib. Odur ki, diqqətliyəm. Hər kəsə də məsləhətim budur ki, ehtiyatlı olsunlar, keyfiyyətli məhsul seçsinlər.

 

***

 

İçkilər satılan şöbəyə yaxınlaşırıq.

- Roza, spirtli içkilərlə aran necədir?

- Pis deyil. Amma çox spirtli içki içən deyiləm. Ancaq yeni ildə içə bilərəm. Amma çox az miqdarda.

İçkilər satılan şöbədən isə 2 ədəd mineral su alırıq.

 

***

 

Kassaya yaxınlaşırıq. Birdən müğənni nəyinsə unutduğunu deyir.

 

- Mən alış-verişə gələndə alacamsa, siyahısını tuturam. İndi siyahı tutmamışam.

Müğənni düşünür... Birdən yadına “Lara” adlı itinə heç nə almadığı deyir.

- Mənim “Lara” xanımım, məndən inciyər. Ona heç nə almamışam. Gərək, onu sevindirim. Yoxsa, məndən inciyər.

Müğənni yenidən geri qayıdır, itinə 2 qutu yem alır.

İtə də yemək aldıqdan sonra kassaya yaxınlaşırıq.

- Roza xanım, sizcə bazarlığa neçə manat xərclədiniz?

 

- Dəqiq deyə bilmirəm. Görək satıcının aparatı bizə nə qədər məbləğ göstərəcək?

 

 

Kassir xanım malları bir-bir hesabladıqca müğənni pul kisəsinin ağzını açır, ödənişi nağd pulla ödəmək istəsə də, müğənni hesabın çox olduğunu görüb, kart vasitəsi ilə ödəməyi lazım bilir.

 

- Nadir hallarda pulla ödəniş edirəm. Daim kartla... Həm də mənə belə rahatdır. Üstümdə pul gəzdirməyi sevmirəm.

 

***

 

Beləliklə sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 207 manat, 2 qəpik...

# 2866
avatar

Yalçın UĞUR

Oxşar yazılar