Ötən gün şairə Leyli Erol (İsrafilova) ilə bəstəkar Hakan Erolun toyunda xalq artisti Aygün Kazımova ilə müğənni Ramal İsrafilov barışıb. Lent.az-ın məlumatına görə, Ramal gecədə “Biletini alma” mahnısını ifa edərkən xalq artistinin masasına yaxınlaşaraq, ona gül dəstəsi verib, A.Kazımovanın əlini öpərək, onu rəqsə dəvət edib. Bundan sonra isə Hakan və Leyli də onlarla birgə “Biletini alma” mahnısının sədaları altında rəqs ediblər.
A. Kazımova Ramalın bu jestini cavabsız qoymayıb. O, “bağışladım” deyərək, arada olan küsülülüyə son qoyub. Toy bitəndən sonra isə Ramal yenidən A.Kazımovaya yaxınlaşaraq, şəkillər çəkdirdikdən sonra aprelin 14-də keçiriləcək toyunun dəvətnaməsini ona verib.
Xatırladaq ki, bu, Ramalın A.Kazımovaya etdiyi ilk barışıq jesti deyil. Belə ki, bir müddət öncə paytaxt məkanlarının birində keçirilən ziyafətdə A.Kazımova ifasını bitirib səhnəni tərk etdiyi məqamda R.İsrafilov ona yaxınlaşaraq əlində olan gül çələngini xalq artistinin başına səpmişdi. “Respublikanın xalq artisti Aygün Kazımova” deyə həmkarını təqdim edən Ramal öz ifasına başlamışdı. A.Kazımova isə onun bu jestinə əhəmiyyət verməmişdi. Baş verən bu hadisələri isə prodüser Tolik (Tarix Əliyev) lentə almışdı.
Qeyd edək ki, tərəflər arasında küsülülük Ramalın “Biletini alma” mahnısı üstündə olmuşdu. Belə ki, Ramal verilişdə A. Kazımovanın bəstəsini o qədər də yaxşı oxumadığını demişdi.
“İstəyirəm, bəstələrimi oxuyan müğənnilər məni də dinləsinlər. Mahnımı istədiyim kimi görməyəndə özüm səsləndirməyə məcbur oluram. “Biletini alma” mahnısını ilk dəfə başqa müğənniyə verəcəkdim. Aygün xanım isə mənim “Gecə-gündüz” bəstəmi oxuyacaqdı. Sonra onu dj Kazım Sübhan dinlədi və xahiş etdi ki, bunu Aygün xanıma ver, o səsləndirsin. Mən də Kazımın sözü ilə razılaşdım. Aygün xanım isə mahnını mən istəyən kimi səsləndirmədi, ifa məni qane etmədi, deyəsən, tələsik oxuyub. Amma etiraf edim ki, “Biletini alma” onun ifasında hit oldu. Əminəm ki, Aygün xanım bu sözlərimə görə məndən inciməyəcək. Bəstəmi ilk dəfə xalq artistimizin ad günü partisində səsləndirdim. Məni alqışladı, amma “mahnı olmadı” dedi. Özünü bəyənməmiş kimi göstərdi” sözlərinə A. Kazımova Ramalın ona yazdığı mesajları mediaya yaymaqla kifayətlənmişdi.