Müğənni Nadir Qafarzadə iyulun 6-da Yaşıl Teatrda qeyri-adi solo konsert verməyə hazırlaşır. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, onun verəcəyi konsert Azərbaycanda ilk dəfə həyata keçirilir. Belə ki, tanınmış müğənnin konsertində yalnız həyat yoldaşı iştirak edəcək: “Artıq bir neçə gündür ki, konsertimin danışıqları gedir. Bu konsert digərlərindən çox fərqlənəcək. İyulun 6-da Yaşıl Teatr sarayının bütün masaları boş olacaq. Yalnız bir masadan başqa. Həmin masada isə mənim bu həyatda ən dəyərli varlığım olan həyat yoldaşım əyləşəcək. Həmin gecəni isə ona və evliliyimizin yubileyinə həsr edəcəm. Öncədən söyləyim ki, bu konsertim çox müzakirə olunacaq. Hətta mənim fikrimə qarşı çıxanlarda olacaq. Amma tənqidlər hər zaman olub, olacaq. Bu konsert mənim çoxdankı arzumdur. Bu çox fərqli bir səhnə olacaq. Səhnədə məni rəqs qrupu müşayiət edəcək. İnşallah yaxşı bir konsert həyata keçəcəyinə inanıram.
Xatırladaq ki, N.Qafarzadənin Yaşıl Teatrda sonuncu solo konserti 2013 ci il sentyabrın 13-də olmuşdu. Müğənni həmin sarayda “Sən mələksən” adı altında səhnə almışdı.