ATV telekanalında yayımlanan “Özünə bax” moda yarışmasının final gecəsi baş tutub. Lent.az-ın məlumatına görə, “Biznes-ledy” titulunun sahibi olan Ruhi Əliyevanın rəhbərliyi ilə keçirilən qala-gecədə müsabiqənin qalibinə avtomobil hədiyyə olundu. İkinci yerin sahibəsi şəxsən Ruhi xanımın təqdim etdiyi brilliant qaşlarla bəzədilən zinət əşyasını qazandı. Müsabiqənin üçüncüsü isə xaricə iki nəfərli səyahət uddu.
Mərasimin ən diqqət çəkən məqamlarından biri Türkiyədən Azərbaycana özəl qonaq olaraq dəvət olan tanınmış stilist və dizayner Hakan Akkayanın münsif kürsüsündə əyləşməsi idi. Ruhi Əliyevanın dəvəti ilə gələn Hakan ən gözəl geyinən xanımın seçilməsində yaxından iştirak etdi. Bununla yanaşı onun şəxsi kolleksiyasının nümayişi də baş tutdu.
Onu da qeyd edək ki, münsiflər həyətinin digər üzvləri sırasında aparıcı Nərgiz Cəlilova, stilist Fuad Hacıyev, “Nərgiz” jurnalının baş direktoru Könül Nağıyeva, modelyer Afaq İsmailzadə və Leyla Əhmədova da var idi.
Gecə başa çatdıqdan və avtomobil öz sahibini, Aygün xanımı tapdıqdan sonra qapalı ziyafət təşkil olundu. Ruhi qonaqlarını və komanda üzvlərini başına topladı.
Hər iki mərasimdə baş verənləri təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.