Artıq bir neçə gündür ki, paytaxtımızda qonaq olan dünyaca məşhur menecer Marsel Avram bu gün mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, Marsel Avramın Bakıya səfərinin məqsədi dünya ulduzlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Tanınmış prodüserin Bakıya səfərinin təşkilatçılıq işlərini təşkilatçı Nahid Emiloğlu həyata keçirir. Konfransı giriş sözü ilə açan Marsel Avram bildirib ki, gələcəkdə ölkəmizə bir çox ulduzun səfəri gözlənilir: “İlk növbədə deyə bilərəm ki, ölkəniz günü-gündən daha da müasirləşib. Mən ən sonuncu dəfə paytaxtınıza bir neçə ay bundan qabaq səfər etmişdim. Ancaq indi şəhəriniz çox dəyişib. Mən bir çox ölkədə olmuşam. Bir çox dünya ulduzu ilə işləmişəm. Elə bir tək dünyasını dəyişmiş tanınmış Maykl Ceksonu misal göstərə bilərəm. Bizim onunla bir çox işbirliyimiz olub. Eləcə də bu sıraya Beyonsu (Beyonceni) misal göstərmək olar. Bildiyim qədəri ilə Azərbaycana bir çox dünya ulduzu səfər edib. Ancaq Beyonsun Azərbaycanda konserti hələ ki reallaşmayıb. Elə bunun üçün də biz gələcəkdə Azərbaycanda Beyonsun konsertini təşkil etmək niyyətindəyik”.
Qeyd edək ki, M.Avramın 40 illik fəaliyyəti ərzində birgə çalışdığı dünya məşhurları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər, Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi lirik ifaçılar öz konsertləri və turlarını ona etibar ediblər və dünya miqyaslı uğura imza atıblar.