Yaşıl Teatrda ənənəvi payız konsertləri gerçəkləşəcək. Bunu Lent. az-a konsert təşkilatçısı Nahid Emiloğlu deyib. Təşkilatçının sözlərinə görə, payız mövsümünün ilk açılış konsertini sentyabrın 1-də müğənni Günay İbrahimli edəcək. Sentyabrın 2-də Elton Hüseynəliyev, 5-də aktyor Fərda Xudaverdiyev, 6-da “Natiq ritm” qrupu, 8-da Sevda Yahyayeva, 9-da meyxanaçı Vüqar , 13-də isə Nadir Qafarzadə səhnəyə çıxacaqlar.
Nahidin dediyinə görə, o, bir çox müğənniyə müraciət edib. Ancaq bəziləri canlı oxumaq və konsert vermək istəməyiblər: “Zamanında mənə tez-tez irad tuturdular ki, niyə Azərbaycan müğənnilərin konsertini təşkil etmirsən? Ancaq türklərin və xarici müğənnilərin konsertlərini təşkil edirsən. Mən də qərara gəldim ki, bu payız belə bir işə imza atım. Bu məqsədlə bir çox tanınmış sənətçiyə müraciət etdim. Amma təklifimdən bir çoxları imtina etdi. İndi nəticə göz önündədir. Kimlər qəbul etdisə, adları da sizlərə məlumdur. Çoxusu “Hələ hazır deyiləm”, bəzisi “Canlı oxumaq mənlik deyil”, “Toyum var, bəsimdir” deyib, konsert verməkdən imtina etdilər. Konsert təşkilatçısı olaraq öz üzərimə düşəni etdim. Təklifimi irəli sürüb, bu yükün altına girdim. Artıq məndən inciməsinlər. Azərbaycanda bir konsert təşkilatçısı olaraq, bu şəraiti onlara yaratmaq istədim. Yəqin bundan sonra, heç kim odlu-alovlu çıxışlar etməz ki, konsertlərimizi təşkil edən yoxdur. Hər zaman bizə türk şou-biznesini misal çəkirlər. Türkiyədə də mövsümlə əlaqədar bu cür ənənəvi konsertlər olur. Məhz bu səbəbdən bu ilk addım atdım”.
Qeyd edək ki, konsertlərin informasiya dəstəkçisi Lent.az olacaq