İncəsənət Muzeyində gənc ifaçıların konserti olub
04 mart 2014 10:29 (UTC +04:00)

İncəsənət Muzeyində gənc ifaçıların konserti olub

Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində konserti keçirilib. Lent.az-ın məlumatına görə, konsertə gələn şagirdlər və onların valideynləri, çoxsaylı qonaqlar Milli İncəsənət Muzeyinin yeni ekspozisiyası ilə tanış olublar. Muzeyin akt zalında toplaşanları salamlayan R.Behbudov adına 2 saylı Musiqi məktəbinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva məktəbin tarixi, uğurları və məzunlarının nailiyyətləri, konsert iştirakçıları barədə geniş məlumat verib. Qeyd olunub ki, 1940-cı il sentyabrın 1-də fəaliyyətə başlayan musiqi məktəbində hazırda  385 nəfər şagird təhsil alır. 75 nəfər ali təhsilli pedaqoq fortepiano, skripka, tar, kamança, balaban, klarnet, fleyta, vionelçel, akkordion, qanon, nağara və s. ixtisasları üzrə şagirdlərə dərs deyir. Məktəbdə həm də xor, xalq çalğı alətləri və skripkaçılar ansamblı fəaliyyət göstərir. Məktəbin müxtəlif siniflərində oxuyan, bir sıra müsabiqələrlə uğurla çıxış edən şagirdlərinin ifasında konsert proqramına fortepianoda S.Prokofyevin «Marş»ı ilə 2-ci sinif şagirdi İranə Abbasəlizadə başlayıb. Sonra fortepianoda Leyla Tomayeva, Anastasiya Xervord, Məlik Cəfərov, Aydan Vəzirova, Respublika müsabiqəsinin qalibi Reyhan Abdulcəlilova, Səriyyə Salmanzadə, fleytada Rəsul Əliyev, kamançada Zabitə Nəsirli, skripkada Nigar Şibliyeva, tarda Q.Qarayev adına II Respublika müsabiqəsinin laureatı Rauf Nəcəfov və Respublika müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Əli Məlikov,  məktəbin skripkaçılar ansamblı öz çıxışları ilə toplaşanların alqışlarını qazanıb. Tədbirin sonunda məktəbin məzunu Sadıq Məlikovun ifasında Rəşid Behbudovun repertuarından mahnılar səslənib.

 

Konsert proqramı başa çatdıqdan sonra tədbirdə iştirak edən Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Cəmilə Səttarova və digərlər qonaqlar məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndiriblər və onlara yaradıcılıq uğurları arzulayıblar. Məktəbin direktoru Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının rayondakı digər mədəniyyət ocaqlarında da mütəmadi olaraq keçiriləcəyini bildirib.

 

Qeyd edək ki, Respublikanın əsas simfonik və kamera orkestrlərinin aparıcı solistləri, həmçinin xalq artisti Şəfiqə Eyvazova, əməkdar artistlər Eyyub Yaqubov, Elnur Həmidov (kamança), Zaur Əmiraslanov və Fərqanə Qasımova, populyar müğənnilər Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov, müsabiqə iştirakçıları Aysel Teymurzadə, Fərid Məmmədov, Səfura Əlizadə bəstəkar Aydın Əzimov, Zöhrab Adıgözəlzadə və bir çox tanınmış musiqiçilər məktəbin məzunlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar