Elariz Məmmədoğlu: “Mən “sms”-lə bazarlıq edirəm” - LAYİHƏ
22 mart 2013 13:12 (UTC +04:00)

Elariz Məmmədoğlu: “Mən “sms”-lə bazarlıq edirəm” - LAYİHƏ

Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu belə bilir. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.

 

Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, yeni layihəyə start veririk: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?

 

***

 Bu dəfə ki, “Bazarlıq” layihəmizin növbəti qonağı Elariz Məmmədoğlu oldu.  Onunla görüşümüz ənənəvi bazarlıq etdiyi supermarketin qarşısında oldu. Söhbət əsnasında öyrənə bildim ki, bir neçə gün bundan öncə evə bazarlıq olunub. Lakin Novruz Bayramı olduğuna görə yenidən bazarlıq etmək istəyib.

 

- Mən çox nadir hallarda evə bazarlıq edərəm. Çünki başım qarışıq olur. Ona görə bazarlığa vaxt qalmır. Bizim indiki bazarlığımızın Novruz Bayramı ərəfəsinə təsadüf etməsi mənə çox xoş oldu. Ümumiyyətlə, Novruzda bazarlıq etməyi sevirəm. Bazarlığı  çox vaxt gecələr edirəm. Çünki işdən evə gələn zaman evdən həyat yoldaşımdan öyrənirəm nə lazımdısa, “sms”lə göndərir. Elə həmin mesjdan biri də indi gəldi, baxa bilərsiniz. Hansı məhsul lazımdırsa onun adını qeyd edib. Yumurta, düyü, şokolad yağı, konfet, çörək, diş pastası.

 

***

Marketə giririk. Sən demə, çoxdan burda alver etdiyindən satıcılar, digər işçilər onu tanıyırlar. Elariz müəllim deyir ki, ilk öncə yumurta almalıyam.

 

- Niyə məhz ilk olaraq yumurta almağı qərara aldınız?

 

- Mən həmişə birinci yumurta alıram. Belə öyrənmişəm.

 

Yumurta alıb, ət satılan şöbəyə yaxınlaşırıq. Satıcı ilə ilk dialoqdan məlum olur ki, ətdən anlayışı var. Lakin evə təzəlikcə ət aldığından mal əti almaqdan imtina edərək, satıcıdan toyuq əti istəyir.

 

- Təzə toyuğunuz var?

 

- Bizdə bütün ət məhsulları yenidir.

 

- O zaman mənə 2 kiloqramlıq toyuq verin.

 

 

 Satıcı onun dediyi kimi 2 kiloqram ət verir...

 

- Bilirsən Yalçın, biz evdə o qədər də ət yeyən deyilik. Əsasən, toyuq ətinə üstünlük veririk. Ət də yeyirik, amma daha çox toyuq ətinə üstünlük veririk.

 

 

***  

 

 

Süd məhsulları satılan şöbəyə yaxınlaşırıq. Rəflərdən bir kilo kərə yağı, 2 qatıq, kəsmik alıb  keçirik düyü satılan şöbəyə. Oradan da 2 kiloqram düyü, makaron, qarabaşaq yarması əldə edir.

 

Çörək satılan şöbəyə yaxınlaşırıq.

Satıcıdan “mənim çörəyimdən yoxdur” deyə soruşur.

 

- Bilirsiniz mən yalnız qara çörək yeyirəm. Evdəkilər isə ağ çörək yeyir.

2 ədəd qara çörək, bir ədəd də təndir çörəyi alır.

 

- Deyəsən, alış-veriş edərkən keyfiyyət nişanına xüsusi diqqət eləmirsiz…

 

- Düzdür. Diqqət eləmirəm. Bilirəm ki, burada keyfiyyətsiz məhsul satılmır. Nəyə diqqət etməliyəm?

 

- Bəli, hər məhsulun öz holoqramı, keyfiyyət nişanı və istifadə müddəti olur.

 

- Daim buradan bazarlıq edirəm. Məni tanıdıqlarına görə, keyfiyyətsiz, vaxtı keçmiş məhsul vermirlər. Başqa bir yerdən məhsul alsam, təbii olaraq aldığım məhsulun holoqramına baxmaq məcburiyyətindəyəm. 

 

- Spirtli içki ilə aranız yaxşıdır?

 

- Yox. Qətiyyən sevmirəm. Mənim spirtli içkilərlə aram yoxdur. Arada pivə içirəm. O da ki, “Həci pivəsi”. Yəni spirtsiz pivə. Yaxşı yadıma saldın elə evdə də yox idi. 2-3 ədəd alım gərək.

 

Spirtsiz pivədən 3 ədəd, 5 litrlik mineral sudan 1 ədəd, meyvə şirəsindən də 4 ədəd alır.

 

 

***

 

Daha sonra parfümeriya şöbəsinə yaxınlaşır. Satıcıdan saç şampunu və diş pastası istəyir.

 

- Sizdə normal saçlar üçün olan şampun var?

 

- Var. Hansı firmanın şampununu istəyirsiz?

 

- Markanın önəmi yoxdur. Normal saçlar üçün olsun.

 

2 ədəd şampun, 4 ədəd diş pastası alır.

 

-  Elariz müəllim adətən ən çox pulu nəyə xərcləyirsiz?

 

- Ən çox pul xərclədiyim meyvə şirələri və toyuqdur. Bizim evdə toyuq əti və meyvə dəhşət çox yeyilir. Demək olar ki, hər gün evdə toyuq bişir.

 

Marketdən alış-verişi bitirib kassaya yaxınlaşırıq.

 

- Yaddan çıxan bir şey olmadı ki?

 

- Hələ də düşünürəm ki, nə isə unutmamışam ki? Mənə elə gəlir ki, lazım olan hər şeyi aldım.

 

 

***

 

Kassaya yaxınlaşırıq. Kassir xanım malları bir-bir hesabladıqca Elariz müəllim də pulunu hesablayır...

 

Amma bir gözü kassanın monitorundadır. Sonuncu məhsulun qiyməti də monitorda görünür və ödəniləcək toplam məbləğ bəlli olur: 63 manat.

 

- Hesab etmirsiniz ki, az məhsul aldınız?

 

- Bilirsən Yalçın, mən sevmirəm ki, mənə gərəksiz olan bir məhsulu eldə edim. Evə nə lazımdırsa onu da aldım.

 

- Deyəsən sizin “Bazarlıq” adlı layihənizdə ən az bazarlıq edən mən olacam. (Gülür) Bir daha hər kəsin Novruz bayramını təbrik edirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2383
avatar

Yalçın UĞUR

Oxşar yazılar