Bu gün mərhum reper Hüseyn Dəryanın ( Muradov) doğum günüdür. Lent.az-ın məlumatına görə, H.Dərya 1975-ci ilin bu günündə Bakının Bakıxanov qəsəbəsində dünyaya göz açıb. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Daha sonra o, könüllü olaraq öz təhsilindən imtina edərək, hərbi xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.
İlk dəfə meyxana və muğamla repi sintez edib. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını qazanıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da layiq görülüb.
Lakin 2014-ci il martın 15-də idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili ilə onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Mərhumun ilk evliliyindən qızı, ikinci həyat yoldaşından isə oğlu var.