Sentyabrın 13-də Türkiyənin İzmir şəhərində “Miss Exclusive of the World 2014” beynəlxalq model müsabiqəsinin finalı baş tutub. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, 33 ölkədən gözəllərin qatıldığı yarışmada ölkəmizi 22 yaşlı model Tamilla Həmidova təmsil edib. Kral TV vasitəsilə canlı yayımlanan gecədə azərbaycanlı gözəl “Top 15”də qərarlaşıb.
T.Həmidova açıqlamasında təəssüratlarını bölüşüb: “İlk beşliyə düşəcəyimə əmin idim. Aldığım dərəcədən heç də razı deyiləm. Yarışmanın təşkilatçılığından isə çox xoşum gəldi. Möhtəşəm gecə idi. Orada özümə üç ölkəni rəqib görürdüm: Rusiya, İsveçrə və Laplandiya. Onlar ilk beşliyə düşdülər. Birinciliyi isə Haiti gözəli Halaiba Nanink qazandı. Model bədən quruluşuna görə birinciliyə layiq idi. Amma üz görünüşü ürəkaçan deyildi”.
Qeyd edək ki, yarışmanın münsif heyəti kürsüsündə Əliağa bələdiyyə başqanı Sərkan Acar, modelyer Ertan Kayıtken, Uğurkan Erez və başqaları yer alıb. Özləm Yıldız və aktyor Volkan Severcanın aparıcılıq etdiyi gecədə səhnəyə Demet Akalın çıxıb.