Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı Azərbaycanın keçmiş rabitə və informasiya texnologiyası naziri, bəstəkar Siruz Abbasbəyli olub. Eks-nazir veriliş üçün xüsusi olaraq yarpaq dolması, aş, toyuq kimi dadlı təamlar hazırlamışdı. Onun necə yemək bişirməsinə qiyməti isə əməkdar artistlər Aybəniz Haşımova, Elza Seyidcahan, gənc müğənni Zəka Zeynalov və şair İsmayıl Dadaşov veriblər.
S.Abbasbəylinin açdığı süfrədə qonaq olan əməkdar artist Aybəniz Haşımova təəssüratlarını bölüşüb: "Əziz gəncəlimizin süfrəsinə qonaq gəlmişəm. Musiqilərini sevə-sevə oxduğum insandır. Çox sevdiyim Elza xanım da burdadır. Canım Anar, sənə də minnətdaram ki, mənim sevdiyim insanlara mənim gözümlə baxırsan. Hazırlanan yeməkləri bəyəndim”.
Daha sonra əməkdar artist Elza Seyidcahan da sözsüz qalmadı: “Çox istədiyim insanlara “ım” şəkilçisi artırıram. Anarım, çox sağ ol ki, bu gün bura məni dəvət eləmisən. Son zamanlar mənim adımdan xoşagəlməz yazılar yazırlar. Bir çox şeylər var ki, mənə məxsus deyil, amma mənim barəmdə yazırlar. Amma mən millət vəkili Qənirə Paşayevaya təşəkkür edirəm ki, Siruz bəyi mənlə tanış edib. Hətta sözləri Qənirə xanıma, musiqisi Siruz bəyə məxsus “Səni araram” mahnısını ifa etmişəm. Həmin mahnı çox sevildi. Hətta mahnı radioda gedən zaman həmkarım Rəşad İlyasov mənə zəng edib deyir ki, bu mahnını gözəl oxumusan. Siruz bəyin süfrəsində qonaq olduğuma görə, şadam. Onu da deyim ki, bu gün Siruz bəyin qardaşı qızının xeyir işidir. İnşallah axşam ordayıq. İndidən təbrik edirəm”.
Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.
Qeyd edək ki, aparıcı Anarın təqdimatında olan “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır.