Müğənni Ramal İsrafilovun “Atv”-nin “10-lar” proqramında xalq artisti Aygün Kazımova barəsində söylədiyi fikirlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, A.Kazımova Ramalın ona yazdığı mesajı “İnstagram” səhifəsində yerləşdirib: “İstəsəniz, sizdən üzr istəyə bilərəm. Mən o niyyətlə sizə söyləməmişəm. İstəsən, gələn dəfə müsahibə verən zaman belə demək istəmədiyimi deyim. Sadəcə aparıcı qızın bir başa mənə elə sualı ünvanlamasına öz dili ilə cavab verdim. Amma bilməzdim ki, belə yanlış müsahibə olar. Mənə şans verin. Çünki indi şounun nə olduğunu və kimlərin hoqqalar qurub, sevindiyini bilirəm. Mən sizdən üzr istəyə bilərəm, necə lazımdır. Amma xahiş edirəm, məni öz övladınız kimi qəbul edin. Vallah heç vaxt sizi heç kimə dəyişmərəm. Allaha and olsun, istər inanın, istər inanmayın, bu məsələ bu yerdə qalmayacaq. Mən efirdə sizdən üzr istəyəcəm. Amma məndən küsməyin. Çünki, siz məndən çox böyüksünüz”.
Qeyd edək ki, R.İsrafilov ilə A.Kazımova arasında anlaşılmazlıq Ramalın bəstəsi olan “Biletini alma” mahnısı üstündə olub. Belə ki, Ramal verilişdə A. Kazımovanın bəstəsini o qədər də yaxşı oxumadığını demişdi: “İstəyirəm, bəstələrimi oxuyan müğənnilər məni də dinləsinlər. Mahnımı istədiyim kimi görməyəndə özüm səsləndirməyə məcbur oluram. “Biletini alma” mahnısını ilk dəfə başqa müğənniyə verəcəkdim. Aygün xanım isə mənim “Gecə-gündüz” bəstəmi oxuyacaqdı. Sonra onu dj Kazım Sübhan dinlədi və xahiş etdi ki, bunu Aygün xanıma ver, o səsləndirsin. Mən də Kazımın sözü ilə razılaşdım. Aygün xanım isə mahnını mən istəyən kimi səsləndirmədi, ifa məni qane etmədi, deyəsən, tələsik oxuyub. Amma etiraf edim ki, “Biletini alma” onun ifasında hit oldu. Əminəm ki, Aygün xanım bu sözlərimə görə məndən inciməyəcək. Bəstəmi ilk dəfə xalq artistimizin ad günü partisində səsləndirdim. Məni alqışladı, amma “mahnı olmadı” dedi. Özünü bəyənməmiş kimi göstərdi. Əgər Aygün xanım buna münasibət bildiribsə, deməli, bəyənib. Sadəcə, o, zarafatla deyilən söz idi. Çünki məni alqışladı”.