Bu gün Beynəlxalq Mətbuat Mərkəzində saz ifaçısı Aqşin Tariyeloğlu “Yanıq Kərəmi” adlı klipini və eyni adlı albomunu təqdim edib. Lent. az-ın məlumatına görə, tədbirdə çıxış edən saz ifaçısı gördüyü işdən danışıb: “Çox sevinirəm ki, Aşıq Ədalət kimi böyük saz ustadı mənim klipimdə rol alıb. Bu gün mənim mətbuat konfransıma təşrif buyuranlar ifa etdiyim “Yanıq Kərəmi”, habelə yeni albomumun təqdimatına şahidi oldular. Yeni impovizəm müzakirələr doğurdu. Düşünürəm ki, hər bir yeni işdə tənqid də və tərif də var .Yeni işim də müzakirəsiz ötüşmədi. Bəziləri bəyənsə də, irad bildirənlər də oldu. Məncə bu, normaldır”.
Onu da əlavə edək ki, klipdə rol alan Aşıq Ədalət müəyyən səbəblərə görə mətbuat konfransına gələ bilməmişdi. Lakin sənətkar öz növbəsində telefon bağlantısı yaradaraq, həmkarı Aqşini yeni işlərinə görə təbrik etdi.
Xatırladaq ki, tədbirə Ramiz Quliyev, Aybəniz Haşımova, Ədalət Şükürov, müğənni İzzət Bağırov, Vasif Məhərrəmli, Aynişan Quliyeva, teleaparıcı Zaur Baxşəliyev və başqa tanınmışlar qatılmışdılar.
Qeyd edək ki, klipi rejissor Aleks Anişenko və operator Çingiz Xankişiyev çəkib.