Gənc müğənni Afaq Aslan Yeni il ərəfəsində maraqlı fotosessiya etdirib. Lent.az-ın məlumatına görə, o, qar qızı obrazını canlandırıb:
“Bəzi insanların qəlbi buz bağladığı dövrdə mənim çölüm buz bağladı. Hər halda mənim payıma düşən daha yaxşıdır. Şou-biznesə bu il qoşuldum. Sağ olsun yaxşı insanlar və komandam ki, mənə dəstək oldular. Ancaq badalaq vuran da az olmadı. 2013-cü il mənimçün o qədər də məhsuldar olmadı. Bu ili daha çox şou-bizneslə həm qiyabi həm də əyani tanış olmağa sərf etdim. Kənardan daha asan görünür. Elə ki, içəri girdin vəziyyət bir az çətinləşir. Mənim heç kimlə işim yoxdur. Başımı aşağı salıb işləmək istəyirəm. Ona da görə də bütün incikliklərimi məhz 2013-də qoyub yeni ilə daha iti addımlarla gedirəm. Mən sülh məramlı insanam. Şou-biznes nümayəndələrinə də bunu arzulayıram”.
Qeyd edək ki, Afaq Aslan növbəti ildə 2013-də elədiyi səhvləri təkrarlamayacağını bildirib. O, yalnız peşəkarlarla işləyəcəyini deyib: “Gələn il maraqlı layihələr olacaq, yalnız peşəkarlarla çalışacağam”.
Onu da bildirək ki, Afaq 2014-cü ilin ilk günlərində əməliyyat olunacaq. Müğənni bildirib ki, o, dodaqlarının iriliyindən əziyyət çəkir: “Mənim yalnız dodaqlarım əməliyyat olunub. O zaman ağılsızlıq edib gözəllik mərkəzlərində çalışan insanlara inandım. Dedilər ki, yaraşacaq. Sonradan əksini gördüm. İndi dostlarım da deyir ki, dodaqların çox böyükdür. Plastik əməliyyata hazırlaşıram. Artıq dodaqlarım normal ölçüdə olacaq. Bu il həm səhnə geyimlərimdə həm də imicimdə dəyişiklik edəcəm”.
Onu da xatırladaq ki, Afaqın sözügedən fotosessiyasındakı obrazı top-stilist Elnur Həsənova məxsusdur. Müğənni bundan sonra da məhz Elnurla çalışacağını açıqlayıb.
İfaçının “buz bağlamış” şəkillərini fotoqraf Cavid Orucov çəkib.