Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, pərəstişkarları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?
“Gecə saat 10-dan sonra da alış-verişə çıxa bilərəm”
Modelyer Fəxriyyə Xələfova ilə görüşümüz mütəmadi “Bazarlıq” etdiyi super-marketin qarşısında oldu.
- Mən daha çox ictimai işlərlə, moda sərgiləri, birdə öz şəxsi ətir istehsalım ilə məşğul olduğum üçün alış-verişə zamanım qalmır. Sizin layihənizdən sonra, yenidən bir tədbirə yollanacam. Bilirsən, mənə hər zaman bu sualı verirlər: “Siz nə yeyirsiniz ki, belə formada qalırsınız?”. Deyəsən, bu suallara bu gün cavab tapılacaq. (Gülür) Sayənizdə bir çoxları biləcək ki, Fəxriyyə Xələfova nə yeyir, nə içir? Nə ilə qidalanır?
- Fəxriyyə xanım, ilk öncə hansı şöbəyə baş çəkək?
- Məncə ilk əvvəl tərəvəz alsaq yaxşı olar!? Amma hələ bir az düşünüm...Hə, elə meyvə- tərəvəz satılan şöbədən başlasaq, yaxşı olar.
- Nə almaq istəyirsiniz?
- Qırmızı kələm və zəncəfil alacam. Yeməklərimdə həmişə qırmızı kələm və zəncəfildən istifadə edirəm. Qırmızı kələmdən hazırlanan salatları çox sevirəm. Mayonezlə hazırlanan yeməkləri isə heç xoşlamıram. Əvvəllər “Stoliçni” salatını çox yeyirdim. Amma indi yox. Bu məkana gəlməyim yaxşı oldu ki, buradan zəncəfil də tapdım. Bu tərəvəzin insana çox xeyri var. İllərdir bu tərəvəzdən istifadə edirəm. Hər yediyim yeməyə zəncəfil atıram.
1 kiloqram qırmızı kələm, 100 qram da zəncəfil alıb, ət məhsulları satılan şöbəyə keçirik.
“Nə? Ət?”
- Fəxriyyə xanım, hansı ət məhsullarına üstünlük verirsiniz?
- Nə? Ət? Qətiyyən! Ət sevmirəm. Heç evdə də bişirmirik. Ət məhsulları içində yalnız toyuq ətindən istifadə edə bilərəm. Amma nadir hallarda. Onu da qış aylarında. Mal, qoyun ətindən hazırlanan yeməkləri isə toyda, qonaq kimi qatıldığım məkanlarda yeyə bilərəm. Amma balıq məhsullarının genetik olaraq iyini, dadını-tamını xoşlamıram.
“Əlimin duzu var”
- Evdə yemək bişirirsiniz?
- Mənim ən sevdiyim yemək Azərbaycan mətbəxinin şahı plovdur. O yemək də evdə ildə bir dəfə bişir; dekabrın 31-də. Özüm də yemək bişirə bilirəm. Necə deyərlər, əlimin duzu var. Yeməyi hazırlayanda da həssaslıqla yanaşıram. Ətirlərlə işlədiyimə görə, öyrəncəliyəm, yeməyi hazırlayarkən hər bir məhsuldan qramında, qədərində istifadə edirəm. İşlə bağlı yemək hazırlamağa vaxtım olmur. Tədbirlər, çəkilişlər, başım qarışıq olur. Amma özümün çox yaxşı əl qabiliyyətim var. Əvvəllər universitetdə təhsil aldığım vaxtlarda çox gözəl tortlar, şirniyyatlar hazırlayırdım. Hazırladığım şirniyyatları aparırdım universitetə, uşaqlar da dadına baxsınlar. Onlar da təbii ki bəyənirdilər. Hətta özümün evdə kulinariyaya aid kitabçam da var. Bir çoxları pitini kafelərdə axtaranda, mən onun hazırlanmaq üsulunu öyrənib evdə bişirirdim. O, zaman övladım da balaca idi. İndi artıq böyüyüb.
- Evinizə qonaq gəlsə, qonaq üçün hansı yeməyi hazırlayardız?
- Mən evdə qonaq qarşılamağı sevmirəm. Rəsmi qonaqları da, səviyyəli məkanların birində qonağı qəbul etməyə üstünlük verirəm. Bizə axırıncı dəfə nə zaman qonaq gəldiyini xatırlamıram. Özüm dəvətlərdə, toylarda, tədbirlərdə oluram. Evdə qonaq qəbul etməyə vaxt qalmır.
- Fəxriyyə xanım naharını günün hansı saatında edir?
- İlk qidamı saatı 12-də, ya da 30 dəqiqə sonra qəbul edirəm. Bu pəhriz çörəyi ilə pendir və ya bal ola bilər. Mən balı çox sevirəm. Bal mənim üçün həyatdır. Meyvələrdən də üzümü xoşlayıram. Digər meyvələri o qədər də bəyənmirəm. Özüm nə vaxtsa bal kolleksiyası yığmaq istəmişəm. Balın iyinin çox sevirəm.
Parfümeriya məhsulları satılan şöbəyə keçirik.
- Buradan heç nə almayacam. Heç un məhsullarına da baxmayaq.
- Bəs çörək almırsınız?
- Yox. Mən 17 ildir ki, çörək yemirəm. İndi elə anlama gələr ki, Fəxriyyə xanım ac qalır. Amma belə deyil. Mən sadəcə rejimimi bu cür qurmuşam. Hər zaman yeməyimə diqqət etməliyəm.
- Aldığınız məhsulun keyfiyyət nişanına çox diqqət edirsiniz. Hətta bir məhsula xeyli baxırsız ...
- Mən hər məhsulu almıram. Daimi aldığım bir neçə məhsul var ki, onları alanda diqqətlə baxıram. Hər bir vətəndaş buna diqqət etməlidir, ilk növbədə istehsal tarixinə.
***
Beləcə, alış-verişi bitirib kassaya yaxınlaşırıq. Fəxriyyə xanımın bazarlığı ona 13 manat 85 qəpiyə başa gəlir...