Şou-biznesdə daha çox nişanlananlar və NİŞANI QAYIDANLAR
26 iyun 2021 19:22 (UTC +04:00)

Şou-biznesdə daha çox nişanlananlar və NİŞANI QAYIDANLAR

Şou-biznesdə olan məşhurlar gündəmdə qalmaq üçün müxtəlif yollara əl atırlar. Kimisi sənətlə, kimisi də şəxsi həyatla. Lent.az bu dəfə şou-biznesdə daha çox nişanlanan və nişanını qaytaran tanınmışların siyahısını təqdim edir: 

Azəri Günel Zeynalova şou-biznesdə ən çox nişanlanan müğənnilər arasında liderdir. O, Türkiyədə nə az, nə çox 3 dəfə nişanlanıb və nişanını qaytarıb. İlk nişanlısı azərbaycanlı iş adamı Rza Zarrab olub. Rza Günellə nişanlı ola-ola Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşə üzük taxıb və onunla evlənib. Lakin Rza Ebruda övladı olandan sonra  ayrılıb. Günel isə həmin ərəfədə bir zamanlar onunla eyni sinifdə oxumuş iş adamı İnanc Başəyməzlə nişanlanıb. Ancaq Günel bu iş adamı ilə də evlənmək istəməyib. Nişanını qaytarıb və bir müddət sonra digər iş adamı Cem Ozan Torunla nişanlanıb. 3-cü nişanını da qaytaran Günelin 4-cü nişanlısının kimliyi hələ ki, məlum deyil. 

Müğənni Vüqar Muradov iki dəfə nişanını qaytarıb. İfaçı sonuncu nişanlısı ilə toylarının dəvətnaməsini də paylamışdı. Lakin tərəflər bir-birini anlamadıqları üçün toya iki gün qalmış ayrılıblar:
“Qızın yaxın qohumları tərəfindən problem çıxdı. Həm də anlaşmadıq. İstəmirəm, "evlənib, boşandı" adını alım. Ailə quracağım xanım ingilis də, ispan da, evlənib-boşanmış da ola bilər. Boşanmış qadının xoşbəxt olmağa haqqı yoxdur? Elə bir qanun yoxdur ki, boşanmış biri ilə evlənmə. Belə bir şərq qanunlarından uzağam".

Müğənni Talıb Tale də iki dəfə nişanı qayıdanlardandır: "Xanımı özüm seçməmişdim, xalam məsləhət görmüşdü. Yaş fərqi həddən artıq çox idi. Fikir uyğunsuzluğu var idi. Get-gedə gördüm ki, gələcəkdə böyük səhvin başlanğıcı ola bilər. 20 yaş fərqimiz var idi. O, daha çox diqqət istəyirdi. Bir o qədər tələb olunanda isə əksinə, istər-istəməz diqqətim azalır. Gördüm ki, yox. Sevə bilmədim. Qismət..".
Birinci nişanlısından ayrılma səbəbindən danışan ifaçı peşmanlıq yaşamadığını bildirib:
"Demirəm düz etmişəm. Düşünürəm bu həyatın qismətidir. Sonradan da fikirləşdim ki, belə olması yaxşı oldu. Birinci və ikinci xanımla münasibətdə olanda əvvəldən gördüm ki, ailə qurulsa da, dağılacaq. Adam bir az yaşa dolanda çətin olur. Uzun müddət subay qalmaq örnək bir şey deyil. Düzdür, ölçüb-biçmək yaxşıdır. Amma gördüm ki, get-gedə pisə doğru gedir. Mən bəsit düşünən xanım istəmirəm".
Talıb 2-ci nişanlısından da oxşar səbəblərə görə ayrıldığını deyib.  T.Talenin 2-ci nişanı 2018-ci ilin mayında olmuşdu.

Müğənni Xuraman Şuşalı rejissor Elçinlə ailə qurmadan öncə bir dəfə nişanlı olub. 

Aktrisa Pərvin Abıyeva 17 yaşında nişanlı olub, sonra nişanını qaytarıb. Müğənni hələ ki, özünə uyğun bir bəy tapa bilməyib. 


Aparıcı Zümrüd Bədəlovanın qardaşı, qardaşı Zülfü Bədəlov ötən ilin mart ayında özündən 15 yaş kiçik müğənni Aydan İbrahimli ilə nişanlansa da onlar da ayrılıblar. Onların nişanlı qalmaq müddəti sadəcə iki ay olub. 

Müğənni Yaşar Cəlilov ailə qurmadan öncə bir dəfə nişanlı olub. İfaçı nişanının pozulması ilə bağlı açıqlamanı instaqram səhifəsində bildirmişdi. Yaşar nişanı qaytarandan sonra Nigar adlı xanımla evlənib, bir övladı olduqdan sonra 2020-ci ilin noyabrın 10-da boşanıb. 

Müğənni Aygün Rəhimova həmkarı Sabir Əhmədovla nişanlı olub, ayrılıb. Aygün nişanı qayıdan zaman sosial şəbəkədə status yazmışdı: 
"Mənim əzizlərim, bütün dostlarıma müraciət edirəm. Bu gündən etibarən azad insanam. Xahiş edirəm ki, nişanımla bağlı mənə sual verməyəsiniz. Bu həyatdır... Bütün əhvalatlar xoşbəxt sonluqla bitmir. Hər birinizi öpürəm və həyatınızda dəyərli və yaxşı insanların olmasını arzulayıram". 

“Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyeva həmkarı Hüseyn Əlilidən boşandıqdan sonra “Space TV”-də birgə çalışdığı Ramiz Alışov adlı rejissorla nişanlanıb. Aktrisanın bu nişanı uğursuz olub, nişan üzüyünü qaytarıb və həmin vaxt açıqlama verib: “Toy olmalıydı, amma olmayacaq. Nişan qayıtdı. Bu haqda çox danışmaq istəmirəm. Çox yaxşı insandır, dost münasibətimiz qalıb. Keçmiş nişanlımla işbirliyimiz davam edəcək. Bir aparıcının ucbatından ara qarışdı. Verilişlərin birində lazımsız söhbət oldu. Başa düşdük ki, münasibət alınmır”. Aktrisa nişan pozulandan bir müddət sonra  Surqutda yaşayan Manaf bəylə ailə qurub. Hazırda aylardır Ülviyyə Bakıda, yoldaşı isə Surqutda yaşayır. 


Müğənni Elnar Xəlilov şairə Aysel Nəcəfli ilə 2019-cu ildə nişanlanıb, nişandan bir neçə ay sonra nişan qaytarılıb. Daha sonra tərəflər barışıb, ailə qurublar. Övladları dünyaya gələndən sonra isə rəsmən boşanıblar. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12426
avatar

Yalçın UĞUR

Oxşar yazılar