"Hər işdə tərif də, tənqid də olur. Buna hazır idim. Hər kəs məni bəyənə bilməz. Amma yaxşı çoxdur deyə, pisin üstünü örtüb heç ona fikir vermirəm".
Bu sözləri müğənni Samirə Əfəndi Lent.az-a müsahibəsində deyib.
O bildirib ki, sənət adamlarının bir çoxunun tənqidini qəbul etmir: "Əgər tənqid müğənnilər tərəfindən gəlirsə, baxır o hansı müğənnidir, hansı stajdadır, kim onu deyir, hansı vəziyyətdə və tərzdə deyir. Müğənni deyib, amma həqiqətəndə bu sahədən başı çıxmayan insanlar deyirlərsə, üstdən keçirəm".
Samirə Nigar Camalın onu tənqid etməsi ilə bağlı sualı cavablandırmaq istəməyib: "Bu sualı atlayaq. Eşitməmiş olum, siz də sualı verməmiş. Mənə önəmlidir insanın statusu, stajı, bu sənətdə qoyduğu illəri, vaxtı, zamanı təcrübəsi, o insandan nə öyrənə biləcəyəm, onda hə... Məsələn, Tünzalə Ağayeva. Heç məni tanımırdılar, amma Tünzalə xanım mənim haqqımda bilirdi. Onun yanında öyrənirdim. Hə, o mənə desə, deməli, nəsə var ki, deyir. Çünki elə-belədən söz deyən adam deyil".
O, Azərbaycanın dünyanın hər yerində tanınan müğənnisi olaraq yeganə Üzeyir Mehdizadənin adını çəkib: "Onu hər yerdə tanıyırlar. O insanı heç vaxt canlı görməmişəm. Amma görüşüb onunla söhbət etmək istərdim ki, bunun sirri nədədir. Ona uğurlar arzu edirəm. Qazaxıstanda, Türkiyədə, bütün Asiya ölkələrində Üzeyir Mehdizadəni dəhşətli dərəcədə sevirlər. Qız fanatları da çoxdur".
Samirə 2011-ci ildə 1-ci yer qazanan "Eurovision" mahnısı "Running scared" ilə özünün səsləndirdiyi və 20-ci yer tutan "Mata Hari"ni müqayisə edib: "Burada söhbət tək mahnıdan getmir. 2011-ci ilin mahnısı nə zaman Türkiyədə səsləndirilib? Heç vaxt. Bircə Avroviziya vaxtı, final günü. Mənim mahnım isə Türkiyəni "partladır". Hər gün bizə klublardan, partilərdən, restoranlardan zənglər gəlir, hər yerdə "Mata Hari" səslənir. Bəs, 2011-ci ildəki mahnı? Mən eşitmədim".