Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova oğlu Rəhimin vəfatından söz açıb.
Lent.az-ın məlumatına görə, ifaçının xanımı "O üz" verilişində bu sözləri deyib:
"Əvvəl deyirdim ki, mənim yaşamağa haqqım yoxdu. Özümə qınaq obyektinə çevirmişdim ki, niyə yaşayıram? Sonra dedim ki, mən olmasam Rəhim də yoxdur. Olmalıyam ki, Rəhim də yaşasın. Deyirdi, ana, elə düşünürəm ki, tez öləcəm. Rəhim doğulandan içimdə bir qorxu hissi var idi: deyirdim, Rəhimə nəsə olacaq, o xəbər səhər gələcək. Elə də oldu, xəbər səhər gəldi.
Bir xüsusiyyəti var idi, həmişə tələsirdi. Avqustun 17-də 21 yaşı tamam oldu. Tortu götürüb getdik, nə qədər etdik, şamın biri yanmadı. dedim, bu, yarımçıq qalan həyatıdır".
Zöhrə xanım deyib ki, Rəhimi 3 gün dəfn etməyə qoymayıb: "Onu yola salan günü dedim inanıram sən varsan, görürsən bizi, işarə ver səni görüm. Başladı balaca kəpənək uçmağa. Baxdım, dedim, sənsən, mesaj göndərirsən ki, məni görürsən. O gündən evdən kəpənək əskik olmur. Hər gün dua edirəm ki, ətrafımda kimə nə olacaq mənə olsun. Bəlkə bir möcüzə olsun, desinlər, hansı cəzanı verək övladını qaytaraq. Deyərəm, canlı qolumu, ayağımı kəssinlər, gözümü çıxarsınlar, dözərəm ağrıya, təki onu qucaqlayım, qayıtsın, iyini çəkim sinəmə, ana desin. Hər şey verərdim. Bilmirəm, bəlkə onu görsəm nəfəsim dayanar".