Dekabrın 18-dən FOX TV-də yayımlanan “Qırmızı qöncələr” serialı böyük səs-küy qoparıb. Serialda Özcan Deniz və Özgü Namal baş rolları paylaşırlar.
Lent.az-ın xəbərinə görə, serialda sekulyar Atatürkçü Levent (Özcan Deniz) və məzhəb kölgəsi altında gənc yaşda evlənən Meryemin (Özgü Namal) hekayəsindən bəhs edilir.
Serial ekranlara çıxdığı gündən bəzi dairələrin reaksiyası ilə üzləşib. Hətta reklam lövhələrindən asılan serialın afişalarının üzərini qara rəngli boya ilə rəngləyib görünməz ediblər.
RTÜK (telekanallara nəzarət şurası) serialla bağlı şikayətlərin olduğunu bildirib və “Qırmızı qönçələr'ın araşdırdığını açıqlayıb. Bəziləri filmin yayımdan qaldırılacağını iddia edir.
Özcan Deniz bu serialın cəmiyyətin müxtəlif kəsimləri arasındakı təzadları göstərdiyini, baş verənlərin xəyal məhsulu olmadığını, həqiqətən türk toplumunda bu qaydalarla yaşayan ailələr olduğunu vurğulayaraq, həqiqətin göstərilməsinin niyə bu qədər qıcıq doğurduğunu anlamadığını deyib.
“Qırmızı qönçələr” dünən axşam ikinci bölümü ilə ekranlara gəldi. Serialın müxtəlif səhnələri sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.