Dünyanın ən böyük kino festivallarından biri olan Kann bu il 78-ci dəfə qapılarını açdı.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın bu kiçik sahil qəsəbəsi yenidən ən böyük ulduzlara ev sahibliyi etməyə davam edərkən ilin ən çox maraq doğuran filminin qala nümayişi də dünən gecə baş tutdu.
Dünya kinosunun bir çox seçilmiş əsərinin Qızıl Palma mükafatı uğrunda yarışdığı festivalda bu ilin ən çox gözlənilən filmi yarışma xaricində olsa da dünya premyerasını Kann festivalında edən "Missiya: Mümkün Deyil" filmi idi. Tom Kruzun bir daha ölümlə üz-üzə gələrək dünyanı xilas etdiyi seriyanın son filmi "Missiya: Mümkün Deyil – Son Hesablaşma"nın qalasına festivala gələn bütün ulduzlar axın etdi.
Filmin həm baş rol ifaçısı, həm də prodüseri olan Tom Kruz sanki gecənin ev sahibi kimi qırmızı xalıda bütün tərəf-müqabil aktyorları ilə birlikdə dayanmadan poza verdi. Kruza filmin rejissoru Kristofer Makkuarri ilə yanaşı aktyor dostları Heyli Etvell, Saymon Peqq, Hanna Vaddinhem, Anjela Bassett, Esai Morales, Pom Klementieff və Qreq Tarzan Devis də qoşuldu. Qırmızı xalıda bütün heyət xatirə selfisi çəkdirərkən, fotoqraflar gecə boyu filmin ulduzlarını görüntüləmək üçün bir-biri ilə yarışdı.
Qırmızı xalıdakı möhtəşəm anlardan sonra filmin bütün komandası premyera üçün Grand Théâtre Lumière salonunda yerlərini aldı. Filmin sonu ilə birlikdə Kann tamaşaçıları Tom Kruz və heyətini 5 dəqiqə boyunca ayaqüstə alqışladılar. Bəzi xəbər saytları bu alqışların 7 dəqiqədən çox davam etdiyini iddia etdi.
62 yaşlı usta aktyor alqışlardan sonra otuz ildir baş rolunu ifa etdiyi bu seriyanın bir hissəsi olduğu üçün “çox minnətdar” olduğunu bildirdi. Filmin rejissoruna ayrıca təşəkkür edən Kruz, gələcəkdə onunla yenidən işləməyə can atdığını da sözlərinə əlavə etdi.
“Missiya: Mümkün Deyil” seriyasına hələlik nöqtə qoyan bu film bir növ final xarakteri daşıyır. Tamaşaçılar tərəfindən ayaqüstə alqışlanan film tənqidçilərdən isə müsbət rəylər almadı. Filmi izləyən bir çox kino tənqidçisi “Missiya: Mümkün Deyil – Son Hesablaşma”nı bəyənmədilər.
Bir tənqidçi “Bu, dünyanın sonunun gəlməsini istəməyinizə səbəb olacaq üç saatlıq cəfəngiyyatdır” deyə yazarkən, başqa biri isə “Filmin süjetini beş saniyədən də az vaxtda izah etmək olar. Tomun səkkizinci dəfə canlandırdığı İmkansız Tapşırıqlar Qüvvəsinin üzvü Ethan Hunt yenə dünyanı xilas edir. Yenə. Amma bu dəfə bunu qismən alt paltarı ilə edir” sözlərini yazdı.