Müğənni Gülay Zeynallı dünən həbs edilən həyat yoldaşı Kamil Zeynallı barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı qızı Sahilə ilə fotosunu sosial şəbəkədə paylaşaraq, bu sözləri qeyd edib:
"Qızım, ata əsgər getdi, tez gələcək. Qızımın cavabı: "Ay ata, bəs deyirdin müharibə qurtardı?". İlk dəfə idi ki, qızıma verəcək cavabım olmadı. Allah heç bir valideyni övladı qarşısında cavabsız etməsin".
Qeyd edək ki, Kamil Zeynallı dekabrın 14-də Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları icazə verməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib. İdmançının barəsində toplanan materiallar Göygöl rayon Məhkəməsinə göndərilib və onun haqda 30 sutka inzibati həbs qərarı verilib.