Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir.
Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarşı iddia qaldırmışdı, lakin hakim onlara ayrı-ayrılıqda iddia qaldırmağı tövsiyə edib.
Keçmiş futbol ulduzunun şirkəti “David Beckham Ventures Ltd [DBVL]” iddia edir ki, Uolberqin firması “Mark Wahlberg Investment Group [MWIG]” idman brendinin təsisçiləri Adam Gilçrist və Rob Datç ilə birlikdə Bekhemi 2020-ci ildə F45-in qlobal səfiri olmaq üçün dəvət edib, lakin ödənməli olan məbləği verməyiblər.
Müqavilənin bir hissəsi olaraq 2022-ci ilin əvvəlində aktyor öz şirkətinin səhmlərinin bir hissəini Bekhemə verməli idi. Bununla belə, vəd edilmiş səhmlərin dəyəri hər bir səhm üçün təqribən 12 dollardan 3 dollara düşənə qədər təhvil verilmədiyi üçün Bekhem əhəmiyyətli maliyyə itkiləri yaşayıb. Onun hüquq komandası gecikmənin ona 10,5 milyon dollar ziyan vurduğunu iddia edir.
Cavab olaraq, Uolberq və F45 "fırıldaqçılıq" iddialarını rədd ediblər.
Bekhemin firması əvvəllər F45-dən 18,85 milyon dollar məbləğində təzminat tələb etmişdi. Yeni iddia birbaşa “Mark Wahlberg Investment Group” və F45 yaradıcılarından dəymiş ziyanı tələb edir.