O, dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda evdar qadınların və əlbəttə ki kişilərinin çox sevdiyi biri idi. Bütün SSRİ hər axşam böyük həyəcanla televiziya ekranlarının qarşısını kəsdirib durardı.
Onu Rusiyada ilk dəfə qarşılanmasına dövrün ABŞ prezidenti Bill Kilinton belə həsəd apara bilərdi. Hə, onu sevirdilər, yüz milyonların kumiri, milyonlarla kiçinin arzusu idi. Amma ömrü boyu ərə getməmişdi. Bu gün isə 70 yaşı tamam oldu. Lent.az bu dəfə, - yəqin təxmin də etdiniz, - Veronika Kastronun həyat hekayəsini təqdim edəcək. Bəli, söhbət uzun illər teleekranları zəbt etmiş “Varlılar da ağlayır” teleserialının baş rolunu – Marianna rolunu ifa edən şəxsdən gedir.
1952-ci il oktyabrın 19-da Meksikanın paytaxtı Mexiko şəhərində anadan olan Veronika ilk dəfə 16 yaşında “Caballero” jurnalında çılpaq şəkil çəkdirməklə ölkə gündəminə gəlmişdi. Həmin vaxt valideynlərinin ciddi qınağıyla üzləşmişdi. O, "daha heç vaxt çılpaq kamera qarşısına çıxmayacağam” – deyə valideynlərinə söz versə də, bu sözünü 60 yaşında – oğlu Mişelin filmində tamamilə çılpaq çəkilərkən pozdu. Veronika gəncliyindən bəri uğur naminə hər şeyə hazır idi. Marianna rolunu oynadığı “Varlılar da ağlayır” teleserialından sonra onun ulduzu parlamışdı.
Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya, SSRİ-yə bir sözlə bütün dünyaya yayılmışdıı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” teleserialı qədər sevib baxılan “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq Azərbaycanda belə bütün kişilərin sevimlisinə çevrildi. Aktrisanın bir oğlu olmasına baxmayaraq, o, heç vaxt ərə getməyib, hələ də subaydır. Marianna rolundan götürdüyü dividentləri isə hələ də xərcləyir. Onun böyük biznesi var.
Onun böyük oğlu Kristian 1974-cü ildə anası hələ populyar ulduz olmayan zaman doğulub. Uzun illər uşağın atasının kimliyini gizli saxlayan akstrisa müəyyən vaxtdan sonra komik aktyor Manuel Valdesin Kristianın atası olduğunu etiraf edib.
“Varlılar da ağlayır” 1979-cu ildə istehsal olunmuşdu. Yuxarıda qeyd etdiyimiz kimi telenovella 80-ci illərin sonlarında bütün SSRİ-də böyük tamaşaçı auditoriyası toplamışdı. Serialda qulluqçu Marianna Vilyareal atasını itirəndən sonra, ögey anası onu evdən qovur.
Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan bu biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu ekran əsərində də baş qadın qəhrəmanı kişilər öz aralarında bölə bilmirlər.
Veronika Kasto “Varlılar da ağlayır” serialında çəkilərkən 153 sm boya, 48 kiloqram çəkiyə malik zərif aktrisa idi. Bu serial bu “balaca qızı” bütün dünyaya tanıtdı. Yeri gəlmişkən, o zaman ilk 8 seriyadan sonra SSRİ-də televiziyaya rəhbərlik edənlər serialın yayımını dayandırmaq barədə qərar versələr də, “Ostankino”ya yağan tamaşaçı məktubları onları fikrindən daşındırdı. Nəticədə “Varlılar da ağlayır” serialının bütün 248 seriyası sovet teleməkanında yayımlandı.
O, “Playboy” jurnalının üz qabığında yaşlı vaxtında çəkilən modellərdən biri olub. Düzdür, aktrisa plastik cərrahların xidmətindən istifadə etdiyini gizlətmir. Hətta deyilənə görə, onlardan biri ilə macəra da yaşayıb. İndi aktrisa gücünü biznesdə də sınayır. Kosmetika salonları, dükanlarına nəzarət edir, tədbirlərdə oxuyur, teatr tamaşalarında oynayır və nəvəsi ilə mütəmadi kübar tədbirlərdə iştirak edir, sosial şəbəkələrdə pərəstişkarları ilə ünsiyyətdə olur.
Dediyinə görə, Rusiyadan olan pərəstişkarları hələ də ona hədiyyə olaraq yaylıqlar, suvenirlər göndərirlər. 5 il əvvəl isə Veronika Kastro karyerasını başa vurduğunu açıqladı. Bu barədə gözlənilmədən qərar qəbul edən aktrisa Facebook səhifəsində belə paylaşmışdı: “Sevdiklərimlə, 53 il həsr etdiyim sevdiyim işlə vidalaşıram”. Son zamanlar aktrisanın adı, şəxsi həyatı sosial şəbəkələrdə qalmaqallı mövzularda hallanırdı. O, təhqirlərdən bezdiyini bildirmişdi.
Bu gün 70 yaşını qeyd edir. Varlı olsa da, sadə bir məclis quracağını deyib. Oğlanları, özü və rəfiqəsi Anna. “Mən geriyə baxmağı xoşlamıram” deyir, müsahibələrinin birində Veronika. Ulduz həyatı yaşasa da, ulduz xəstəliyinə tutulmadı o. Onu dünyaya sevdirən bəlkə də budur.