"Səni axtarıram" ictimai-sosial verilişinin efirinə çıxaraq, meyxanaçı Aqşin Fatehi sevdiyini söyləyən yaşlı bir qadın günlərdir efirlərdən düşmür.
Lent.az-ın xəbərinə görə, xanımın Aqşinin dərdindən efirdə hətta ürəyi də gedib. O, Aqşin Fatejlə görüşmək üçün efirə çıxdığını söyləyib.
Lent.az qadın fanatı ilə bağlı Aqşin Fatehin nə düşüncədə olduğunu öyrənmək istəyib. Sualımızı cavablandıran meyxanaçı bildirib ki, o qadının efirə çıxıb onun haqqında danışmasından narazıdır.
“Şoka düşmüşəm. Qadın evimin yerini də öyrənib, işlədiyim yeri də bilir. O bir dəfə gəlib restorana, camaatın içində məni qucaqlayıb, öpüb. Mən də bilmirəm, nə məsələdir. “Ana” deyərək, müraciət eləmişəm. Heç nə danışmadan üzümə baxıb getdi.
Ailəliyəm, 4 övladım var. Nənəm yaşında qadın çıxır verilişə, car çəkir ki, Aqşini sevirəm, bu Allahın yazısıdır. Mən indi ona nə deməliyəm ki? O qadının yaxını, qohumu, ailəsində bir kişi xeylağı varsa, buna yol verməməlidirlər”,- deyə Aqşin Fateh bildirib.
Aqşin Fatehə aşiq olan qadın isə bütün irad və təkliflərə cavab olaraq “Aqşin alın yazımdır, Allah belə istəyir” cavabını verir.
Sosial şəbəkələrdə qadının psixoloji problemlərinin olduğu və bu işin qəsdən təşkil edilməsi barədə şərhlər yazılıb.