“Akasiya durağı” serialı ilə tamaşaçıların yaddaşında qalmış aktyor Ateş Fatih Uçan Ali Kemal roluna necə çəkilməsi barədə danışıb.
Lent.az-ın məlumatına görə, aktyor bu filmə çəkilmək üçün 3 gün özünü laz kimi aparması, hamını necə aldarmasından bəhs edib.
“Serial çəkilməsindən xəbərdar idim. Kimsə yalandan mənə demişdi ki, obrazların əksəriyyəti qaradənizlidir.Ona görə, çəkiliş qrupunun içində özümü 3 gün laz kimi aparmışam. Qaradənizli ləhcəsiylə danışmışam. Halbuki Ərzurumluydum. Ərzurum şivəsini Qaradəniz şivəsinə çevirmək də asan deyildi. Axır ki, rola təsdiqləndim. Rejissor qaradənizli olmadığımı biləndə heyrətlənmişdi. Ali Kemal rolunu elə danışdığım üçün qaradənizli eləmişdilər. Halbuki ilk plana əsasən, Ali Kemal istanbullu olmalıydı”,- deyə o bildirib.
İstanbul Universitetində Radio və Televiziya ixtisası üzrə təhsil almış Ateş Fatih Uçan ailəlidir və iki övladı var. Xanımını çox sevdiyini tez- tez sosial şəbəkə hesabından bəyan edir, onu “ Hülyam, yanağının qəmzələrində ölsəm, dərd etmərəm” deyərək, əzizləyir.
O, “Akasiya durağı” serialından sonra “Fatih Harbiye”, “Avanak Dedektör”, “Heredot Cevdet Saati” və “Uzaklarda Arama” kimi ekran işlərində rol alsa da, yaddaşlarda ən çox Ali Kemal obrazıyla qalıb.