“Euronews” qlobal imkanlarını genişləndirir
01 avqust 2011 19:41 (UTC +04:00)

“Euronews” qlobal imkanlarını genişləndirir

“Euronews” telekanalı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə imzaladığı əməkdaşlıq müqaviləsi ilə bağlı dünya mediasına press-reliz yayıb. Lent.az-ın məlumatına görə, press-relizdə deyilir ki, Avropanın qabaqcıl beynəlxalq xəbər kanalı “Euronews” qazandığı təcrübəni və beynəlxalq etibarı bu şəbəkənin üzvləri ilə paylaşmaq imkanı
təklif edir. Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti bu imkandan istifadə edəcək ilk şanslı təşkilat olacaq: ““Euronews” həmişə doğru informasiya yayımlamaq təcrübəsindən, proqram və xəbər mənbələrindən istifadə etmək istəyən media qrupları ilə birgə işləmək üçün yeni xüsusi əməkdaşlıq layihəsinə başlayır. Belə ki, “Euronews” öz şəbəkə üzvlərinə məqsədlərinə nail olmaq və ehtiyaclarını qarşılamaq üçün çoxlu sayda xidmətlər təklif edəcək. Şəbəkə üzvlərini cəlb edən əsas amil Avropanın qabaqcıl xəbər kanalının peşəkarlığı və nüfuzudur. “Euronews”-un redaksiya siyasətindəki dünyaca məşhur keyfiyyəti və 23 müxtəlif millətin nümayəndələrindən ibarət son dərəcə peşəkar 400 jurnalistinin olması da onların yaydığı informasiyanın etibarlılığına və obyektivliyinə zəmanət verir. Bu “Euronews”a xas olan əsas keyfiyyətlərdən biridir və tərəfdaşları tərəfindən də həmişə çox yüksək qiymətləndirilir”.

Xatırladaq ki, iyulun 11-də Parisdə “Euronews” və İctimai Teleradionun Baş direktorları Maykl Piters və İsmayıl Ömərovun iştirakı ilə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Belə ki, “Euronews” şəbəkəsinin imtiyazlı üzlərindən olan Azərbaycanın İctimai Televiziyası “Euronews” proqramlarından hər hansı birini öz arzusu və seçimi ilə yayımlamaq hüququ, eləcə də bir çox başqa imtiyazlar əldə edib. İctimai TV əldə etdiyi bu imtiyazla həm öz kanalının izləyicilərinə, həm də İctimai Teleradionun internet istifadəçilərinə böyük fayda verəcək.

Avropanın beynəlxalq xəbər kanalı olan “Euronews” dünyanın hər yerində 24 saat ərzində baş verən hadisələri işıqlandırır. “Euronews” 20-dən çox ölkədə 11 dil komandası və 370 jurnalisti ilə xəbər təhlili və çatdırılması baxımından bənzərsiz təşkilatdır.

Əsası 1993-cü ildə Lionda qoyulan bu kanal televiziya, internet, smartfon və digər müasir yayım vasitələri ilə 155 ölkədə 350 milyon evdə yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar