Süpürgə sapından gitara, yataqda əyyaş həyatı və 65 yaşlı pionerin xərçəngi... – ARAŞDIRMA –
24 aprel 2011 12:30 (UTC +04:00)

Süpürgə sapından gitara, yataqda əyyaş həyatı və 65 yaşlı pionerin xərçəngi... – ARAŞDIRMA –

On ikinci söhbət

Amerikalı gitaraçı-müğənni Karl Perkins (tam adı Perkins Carl Lee) 9 aprel 1932-ci ildə Tennessi ştatının Tuptonvill şəhərciyində dünyaya gəlib. Rok-n-rollun ikinci dalğasının qüdrətli nümayəndələrindəndir. Rok tarixinin və onun erkən formalarından olan rokabillinin əhəmiyyətli fiqurlarından sayılır. Onun 1956-cı ildə bəstələyərək Memfisin “Sun Records” səsyazma studiyasında lentə aldırdığı, indi klassik rok nümunəsi sayılan “Blue Suede Shoes” (“Mavi zamş çəkmələr”) mahnısı özündən sonra gələn bir çox dahi musiqiçilərə böyük təsir göstərib.

50 sentə çalışan oğlan

Karl ilkin rokun bir çox nümayəndələri kimi, musiqini lap uşaq vaxtlarından eşidib. Evlərində kantri, blüz, qospel sədaları müntəzəm eşidilirdi. Oğlanın zövqün formalaşmasına, musiqiyə həvəsin oyanmasına da elə bu amil özünün həlledici təsirini göstərib. Perkins ailəsi kənd təsərrüfatı ilə məşğul idi. O dövrdə Amerikada özünün şəxsi torpağı olmayan başqaları kimi, onlar da mülkədarın tarlalarında yarılığa işləyirdilər. Elə buna görə də Karl digər qardaşlarıyla bir yerdə hər gün 12-14 saat çalışmalı olurdu. O, qardaşı Ceylə ortaq işləyir, günə 50 sent pul qazanırdılar. Ailələrinin güzəranı ağır idi. Lakin aclıq çəkmirdilər, qazandıqları tərəvəzə, çörəyə, atası üçün tənbəkiyə, hərdən də lap konfetə-zada çatırdı.

Siqar qutusundan gitara

Şənbə günləri bir qayda olaraq Karlla atası “Grand Ole Opry” radioşoularına qulaq asırdılar. Bu proqramda yayılan verilişlər oğlanı gitara çalmağa həvəsləndirir, o da valideynlərindən kömək istəyir. Amma həmin vaxt maddi vəziyyətləri lap ağır olduğundan atası oğluna siqar qutularından və süpürgə sapından əldəqayırma gitara düzəldir və balaca Karlın ilk musiqi təcrübələri bu minvalla başlanır. Sonralar oğlan qonşularından üç dollara aldığı əsl gitarada blüz ritmlərinə yiyələnir, bəsit mahnılar bəstələməyə başlayır. Karl böyük qardaşı Ceydə də gitaraya həvəs oyadır, ona sadə akkordlar öyrədir və həmin andan etibarən bəstələdiyi mahnıları ifa edərkən onu qardaşı müşayiət edirdi.
İmkansızlıq ucbatından qardaşların heç biri orta məktəbi bitirə bilmir. Səkkizinci sinifdə təhsillə vidalaşırlar ki, ailələrinə kömək edə bilsinlər.

Ailə ansamblı

1947-ci ilin yanvarında Karlın ailəsi Ceksonun Madison County nahiyəsinə köçür. Oğlan orada kiçik qardaşı Kleytonu da musiqiyə həvəsləndirir. O da kontrabas çalmağı öyrənən kimi, qardaşlar ailə yığıncaqlarında, dost-tanış məclislərində üçlük kimi çıxışlarına başlayırlar. Karlın 15 yaşı olanda isə o, qonşuluqdakı çörək dükanında özünə iş tapır, axşamlar isə qardaşları ilə bir yerdə “El Rancho Club”, “Cotton Ball”, “Sand Ditch” salonlarında ifaçılıqla məşğul olur. Qırxıncı illərin sonlarında “Perkins Qardaşları” (“Perkins Brothers”) artıq Ceksonun ən tanınmış qrupu idi. O özünün ilk hitini – “Movie Magg”i də elə orada yaradır.
Maraqlı burasıdır ki, artıq musiqiçi kimi kifayət qədər tanınan Karl o vaxta qədər ifaçılığa dolanışıq mənbəyi kimi baxmır, yalnız axşamlar, işdən sonra çalırdı. Heç ağlına gəlmirdi ki, yaratdığı qrupu gücləndirib dolanışığını ondan çıxarsın. Həmin illərdə çalışdığı yerlər də çox müxtəlif idi: əvvəl çörəkxana, sonra tarlada pambıqyığan, dalınca döşək fabrikində, akkumulyator zavodunda fəhlə...

Dönüş nöqtəsi

1953-cü ilin yanvar ayı Karl üçün bir dönüş nöqtəsi olur. O, Valda Krayder adlı bir qızla ailə qurur. Təzə tanış olmamışdılar, neçə il idi ki, münasibətləri vardı. Arvadı Karlı inandıra bilir ki, bütün vaxtını musiqiyə həsr etsə, daha böyük uğurlar qazana bilər. Oğlan da fabrik-zavodda işləməyin daşını atır, günortasını məşqlərə, gecəsini salonlarda ifaçılığa həsr edir. O vaxt artıq “Perkins Qardaşları”na zərb alətlərində çalan Holland da qoşulmuşdu...
1954-cü ilin iyulunda Karlla Valda radioda Elvis Preslinin “Kentukkinin mavi ayı” mahnısını eşidirlər. Onun ifa tərzi Karla o dərəcədə yaxın idi ki, oğlan bütün gələcəyini Memfislə bağlamaq qərarına gəlir. Oktyabr ayında üç qardaş və təbilçi Holland birbaş Memfisə yollanıb öz xidmətlərini prodüsser Sem Fillipsə təklif edirlər. Xatırlayırsınızsa, səsyazma studiyası olan Sem Fillips haqqında Elvis Presli ilə əlaqədar hekayətimizdə ötəri söhbət açmışdıq.

Yenə Sem Fillips

Onların ilk mahnısının tamam başqa marka altında çıxdığına baxmayaraq, Fillips Perkinsə inandı. Fevral ayında onların kvartetini Elvis Presli ilə bir yerdə Cənub ştatlarına kiçik bir turneyə yolladı, iyun ayında isə ikinci mahnıları “Gone, Gone, Gone”nı öz markasıyla satışa çıxardı.
Və nəhayət ki, 1955-ci ilin dekabrında Perkins “Blue Sued Shoes” mahnısını yazdırdı, Fillips də reklam üçün pul əsirgəmədi. Artıq 1956-cı ilin aprelində top siyahıların üçüncü pilləsinə yüksələn hit Perkinsin birinci və çox təəssüf ki, axırıncı milyonluq diski oldu...
Karlın bu uğurdan yaşadığı sevinc taleyin qismətindən lap burnundan gəldi.

Avtomobil qəzası

Mahnının reklam kampaniyasında iştirak edərkən Perkinslər martın 17-də Red Folinin məşhur teleşousunda çıxış etdilər və ayın 22-də Nyu-Yorka, Perri Komonun şousuna gedirdilər ki, Yulminqton yaxınlığında onların maşını bir yük arabasıyla toqquşdu. Karl və Cey ağır xəsarətlər aldılar və düz doqquz ay çıxış edə bilmədilər...
Elvis Presli isə həmin mahnını öz interpretasiyasında yazdırdı. Amerika Elvis versiyasını o qədər də isti qarşılamadı, mahnı ancaq 24-cü yerə yüksələ bildi. Amma Perkinsin tanınmadı İngiltərədə isə eyni hitin orijinalı 10-cu, kaver versiyası isə 9-cu oldu. Karlın səhnədə olmadığı müddətdə yaranan daha bir mahnı isə top yüzlüyün yalnız 70-ci pilləsində durdu.
1957-ci ilin mart ayında musiqi dünyası Perkinsin üçüncü və sonuncu hiti – “Sun Your True Love”nin şahidi oldu...

Milyonluq kvartet

1956-cı ildə, Perkins Sun studiyasında özünün “Matchtbox” (“Kibrit qutusu”) mahnısını yazdıranda fortepianoda onu Cerri Li Lüis müşayiət edirdi. Təsadüfən iş elə gətirir ki, Elvis Presli ilə Conni Keş də Karla baş çəkməyə gəlir. Hal-əhval tutur, ordan-burdan danışırlar və söhbət əsnasında Elvis də əlini gitarasına atır və tam təsadüf nəticəsində görüşən musiqiçilər birlikdə bir-neçə mahnı ifa edirlər. Onların arasında qospel də vardı, blüz də, kantri də. Bir-birinin həvəsinə cani-dildən çalışan dahi musiqiçilər özləri də böyük ləzzət alırlar. Yalnız özləri üçün, ürəkdən ifa etdikləri, improvizə elementləriylə son dərəcə zəngin olan bu mahnılar həqiqətən dördünün də xoşuna gəlir...
Amma onların heç birinin ağlına da gəlməzdi ki, bir-biri üçün oxuduqları mahnıları zirək Sem Fillips uzaqgörənliklə lentə alırmış.
Sonralar həmin lent disk şəklində satışa da çıxdı. Diskin adını “The Million Dollar Quartet” ("Milyon dollarlıq kvartet") qoydular və o bütün dünyanın rok həvəskarlarını şoka saldı...

Qardaş ölümü və əyyaş dünyası

1957-ci ilin martında Perkinslə Keş “Sun” şirkətinin təşkil etdiyi Cənub turnesinə çıxdı, payızda isə Karl “Jamboree” filminə çəkildi və “Glad all Over” (“Hamı şaddır”) mahnısını ifa etdi.
1958-ci ilin fevralında Karl Perkins Sem Fillipsdən aralanıb “Columbia” şirkətiylə əlaqə yaratdı (yarım ildən sonra Keş də eyni addımı atdı), amma bu transfer iki-üç dənə ortabab hitdən başqa heç bir şey vermədi...
İnkişafının vaxtından çox qabaq dayanması, yeni mahnılarına diqqətin azlığı və qardaşının ölümü (Cerri avtomobil qəzasından sonra aldığı yaralardan heç özünə gələ bilmədi və 1958-ci ilin oktyabrında vəfat etdi.) Perkinsin ruhi vəziyyətinə olduqca pis təsir etdi: 60-cı illərin əvvəlləri Karlın həyatını spirtli içkilərə qarşısıalınmaz meyliylə qaraltdı. 1963-cü ildə o “Columbia”dan “Decca” şirkətinə keçdi və 1964-cü ilin mayında Çak Berri ilə birgə özünün ilk Britaniya turnesinə çıxdı. Həmin konsertlərdə “The Animals” və “The Nashville Thens” kimi sonradan məşhurlaşan qruplar da çıxış edirdi. İngiltərədə onun səkkiz mahnısını ifa edən “The Beatles” onu studiyaya dəvət edərək “Matchbox” mahnısını müəllifin iştirakı ilə lentə aldırdılar...

Britaniya turnesi

1964-cü ildə yazdırdığı “Big Bad Bluesmak” mahnısı top siyahılara düşməsə də, İngiltərədə onun populyarlığı yaman artırdı. Oktyabr ayında Karl Perkins özünün ikinci Britaniya turnesinə çıxır - bu dəfə də Cin Vinsentlə, “The Beatles” isə onun daha bir mahnısını öz albomları üçün yazdırır.
Yeri gəlmişkən, Karl Perkins ömrü boyu qazandığı pulun böyük hissəsini “The Beatles” qrupunun ifa etdiyi mahnılarına görə alıb!

Rok öldü - yaşasın kantri

1964-cü ildə Karl Perkins rokla da, içki ilə də vidalaşıb kantri dünyasına qayıdır, 1965-1966-cı illərdə bir neçə yaxşı disk buraxır, amma dinləyicilərin diqqətini kifayət qədər çəkə bilmir. 1966-cı ildə isə onu Conni Keş tapır və Karl növbəti on ilini onun ifasını müşayiət etməklə, hərdən də ayrı-ayrı solo nömrələrin ifasıyla keçirir. Həmin illər ərzində o bir-neçə kantri hitləri də yaradır.
1976-cı ildə Keşdən aralanandan sonra öz kvintetini yaradır. Həmin kvintetdə onun iki oğlu - Qreq və Sten də iştirak edirdilər. Həmin ilin dekabrında Karlın ikinci qardaşı Kleyton vəfat etdi.

Dirçəliş

70-ci illərin ortalarında İngiltərədə Perkinsin yaradıcılığına maraq bir də oyandı: Charly adlı səsyazma studiyası onun 50-ci illərdə yazdığı mahnıları yenidən istehsala çıxardı. Reklam kampaniyası televiziyada aparıldığından disk yaxşı satıldı və Böyük Britaniya siyahılarında 38-ci yerədək qalxdı. Perkins Londonun “Uembli” stadionunda, 1977-ci ildə keçirilən əfsanəvi konsertdə iştirak şərəfinə nail oldu...
Karl Perkinsin sənət yolundakı daha bir zirvə 1986-cı ilin 1 yanvarında efirə çıxan, “Blue Suede Shoes” mahnısının 30 illiyinə həsr olunan televiziya şousu idi. Şouda Corc Harrison, Rinqo Starr, Erik Klepton, Deyv Edmunds kimi böyük sənətçilər iştirak etdilər. Elə həmin il Perkins, Keş, Lüis və Roy Orbison rok-n-rollun yubileyi münasibətiylə müştərək albom buraxırlar. Karlın diskə salınmış mahnısında müğənni təvazökarlıqla belə oxuyurdu: “Axı bunlar baş verəndə mən də ordaydım!”
Bəli, yaradıcılığının zirvə mərhələsi çoxdan arxada qalmış Karl Perkinsin özü də əski şöhrətinə əlçatmaz bir röya kimi baxırdı - şirinliyindən yatdıqca yatmaq istədiyin bir röya!
Amma ona da layiq olduğu qiyməti verdilər. 1987-ci ilin yanvarında onu da Rok-n-Rollun Şərəf zalına daxil etdilər...

* * *

Karl Perkins ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutuldu. 1993-cü ildə əməliyyat olundu və yenə cavanlıq şövqüylə işləməyə başladı. Yəqin vaxtının azlığını bilir, edə bilmədiklərini eləmək üçün çalışırdı. Sonuncu albomu “Go Cat Go” 1996-cı ildə işıq üzü gördü. Və bu son oldu.

1998-ci il, yanvar ayının 19-da rokabillinin 65 yaşlı pioneri dünyasını dəyişdi...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018

Oxşar yazılar